Pirallahıda növbəti səyyar qəbul keçirildi - FOTOLAR

Pirallahıda növbəti səyyar qəbul keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. SİA-nın verdiyi məlumata görə, İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş Pirallahı qəsəbəsində fəaliyyət göstərən 4 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
​İlk öncə 1-ci və 2-ci Qarabağ müharibəsində və Aprel döyüşlərində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İcra Hakimiyyətinin başçısı Vasif İmanov görüş iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verdi. Bildirildi ki, 2018-ci ilin aprelin 11-də keçirilən seçkilərdə xalqın mütləq əksəriyyətinin göstərdiyi etimad nəticəsində Prezident seçilən İlham Əliyev iqtisadiyyatın daha da inkişafı, siyasi islahatların həyata keçirilməsi və ölkənin modernləşdirilməsini dövlətimizin qarşısında duran prioritet istiqamət kimi müəyyənləşdirdi. Ölkə başçısı cənab İlham Əliyevin 2018-ci ildə və ondan sonrakı dövrlərdə Azərbaycanın inkişafı, xalqımızın həyat şəraitinin yaxşılaşdırılması üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. Ümumilikdə, 2003-cü ildən hal hazırkı dövrə qədər Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur.
Bildirildi ki, ölkə başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Aprel döyüşləri və 44 günlük Vətən Müharibəsi zamanı dövlətimizin, xalqımızın gücünü, iradəsini bütün dünyaya göstərdi. Aprel döyüşlərində ordumuz strateji əhəmiyyətə malik olan Lələtəpə və Talış yüksəkliyini, Çocuq Mərcanlı yaşayış məskənini düşmən işğalından azad etmişdir. Çocuq Mərcanlının azad olunması ilə Qarabağa Böyük Qayıdışın ilk cığırı açıldı.

2020-ci ilin iyul ayında Tovuz istiqamətində düşmən təxribatının qarşısı alınan zaman Azərbaycan xalqının igid oğlu Polad Həşimov və onun döyüş yoldaşlarının qəhrəmancasına şəhid olması gənclərimizin vətənpərvərlik hissini daha da yüksəltmiş, hamı bir nəfər kimi vətən uğrunda müsəlləh əsgər simasında səfərbər olmuşdur. 2016-cı ilin Aprel ayında Lələtəpə uğrunda gedən döyüşlər və Tovuz hadisələri Vətən Müharibəsində qazandığımız Zəfərin mənbəyi olmuşdur. Bu şanlı, şərəfli Zəfərin əldə olunmasında 100-ə yaxın Pirallahı gənci də əzm və istəklə döyüşmüşdürlər. Aprel döyüşlərində Sərvan Mehralıyev, Vətən Müharibəsində Vüsal Babayev və Elmar Nəbiyev şəhadətə ucalaraq adlarını tariximizə qızıl hərflərlə yazdırmışlar.

Vasif İmanov qeyd etdi ki, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Brüsel görüşünün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Görüş zamanı iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması, sərhədlərin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat-kommunikasiyaların açılması, tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər geniş müzakirə olunmuşdur. Həmçinin sənəddə diqqəti çəkən əsas məqamlardan biri Dağlıq Qarabağ ifadəsi və ya ATƏT Minsk Qrupu həmsədrlik institutunun çəkilməməsidir. Bu isə o anlama gəlir ki, artıq Ermənistan rəhbərliyi də keçmişin qalığı olan həmsədrlik institutundan imtina etməyin vaxtının çatığını anlamağa başlayıb.

Sonra natiq qeyd etdi ki, Pirallahıda insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılmışdır. “İDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən artıq ağac və gül kolları əkilərək yaşıllıq zolaqları salınmışdır. Ekoloji tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 02.04.2022-ci il tarixində rayonumuzda yaz mövsümü ilə əlaqədar iməcilik aksiyası keçirilmişdir ki, belə aksiyalar mütəmadi olaraq davam etdiriləcəkdir.

İcra Hakimiyyətinin başçısı Müqəddəs Ramazan ayı münasibəti ilə bütün müsəlmanları təbrik etdi. Tutulan orucların Uca Tanrı tərəfindən qəbul olunmasını arzulayaraq qeyd etdi ki, edilən bütün dualar xalqımızın əmin-amanlıq və rifah içində yaşamasına vəsilə olsun. Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması, qəzalı binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qəbulun sonunda qəsəbə sakininin müraciətinə əsasən onun nəvəsi məktəbli forması ilə təmin edilmiş və ailəyə maddi yardım göstərilərək onların daim diqqətdə saxlanılacağı bildirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə