"Kinder surprise" yumurtalarının ləğv edilməsinə CƏMİYYƏTİN BAXIŞI - SORĞU
Uşaqlar üçün istehsal olunan qidaların bir çoxunun görünüşü insanı cəlb etsə də təəssüf ki, keyfiyyətinə görə kifayət qədər sağlam qidalar deyil. Lakin uşaqlar da məhz bu qidaların görünüşünə aldanırlar. Həmin qidaların tərkibi uşaqların immun sistemində bir sıra fəsadlar törədirlər. Hətta yoluxucu xəstəliyin də yaranmasına səbəb olurlar. Bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Kinder surprise” yumurtalarının satışının ləğv edilməsi ilə bağlı təklif irəli sürülüb. Bəs görəsən şəhər sakinləri bu təkliflə bağlı nə fikirləşirlər. SİA olaraq onlar arasında sorğu keçirdik:
Şəhər sakini Aysel Kərimzadə: “Ümumiyyətlə çalışıram ki, hazır uşaq məhsullarından övladıma verməyim. Əlbəttə, bu qidalar uşaqlar üçün ziyanlıdır. Məncə, satışının ləğv edilməsi yaxşıdır. Uşaqlar üçün evdə təbii məhsullardan hazırlanan yeməklərin verilməsi daha məqsədəuyğundur".
Şəhər sakini Rasim Rüstəmov: "Uşaqlar bizim gələcəyimizdir. Onların nə yediyinə, içdiyinə fikir verməliyik. Onları qorumalıyıq. Ziyanlı məhsullardan, içkilərdən istifadə etmələrinin qarşısını almaq lazımdır. Bir çox zərərli çərəzlərin satışı dayandırılmalıdır".
Şəhər sakini Fidan Məlikova: "Uşaqların immunitet sistemi zəif olduğu üçün tez-tez xəstələnirlər. Mədələri həssas olur. Ziyanlı çərəzlərdə istifadə olunan baharatlar, köhnəlmiş yağlar uşaqların zəhərlənməsinə səbəb olur. Çalışıram ki, bu məhsullardan uşaqları uzaq tutum".
Şəhər sakini Zülfiyyə Rəhimova: "Uşaqlar gördükləri çox şeyi istəyirlər. Hər şeyi tanımaq, dadına baxmaq istəyirlər. Qablaşdırmalara aldanırlar. Mən istifadə etməsinə icazə vermirəm. Sürpriz yumurtaların oyuncaqlarını çox bəyənirlər deyə alırıq. Amma bu yumurtaların tərkibində bakteriyaların olmasını eşitdiyim zamandan etibarən almıram. Ümumiyyətlə ziyanlı məhsulların hamısının yığışdırılması daha yaxşı olar".
Şəhər sakini Ağca Hacıyeva: "Ziyanlı olduğu üçün bu qidalardan almırıq. Nə qədər istəsə də çalışıram ki, bu məhsullardan verməyim. Özüm evdə istədikləri yeməyi hazırlayıram. Məncə, heç bir valideyn zərərli qidaları övladlarına verməməlidir".
Şəhər sakini Şəfiqə Baxşəliyeva: "Çalışıram ki, mümkün qədər ziyanlı qidalardan uzaq tutaq. Bu qidaların tərkibi məlum deyil. Vaxtı keçmiş məhsullardan istifadə edilir. Bu da zəhərlənmələrə, xəstəliklərə səbəb olur. Həmçinin qiymətləri də bahadır. Axı nəyə görə həm ziyanlı, həm də bahalı məhsulu uşaqlarımıza almalıyıq?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB