Qida təhlükəsizliyi haqda qanun layihəsi ilə bağlı Milli Məclisə - MÜRACİƏT

Sağlam Cəmiyyət Hərəkatı (SCH) Milli Məclisə təqdim olunmuş və artıq 1-ci oxunuşdan keçmiş Qida təhlükəsizliyi haqda qanun layihəsi ilə bağlı ictimai kampaniyaya start verib. Mediada geniş yayılan və çox böyük ictimai dəstək qazanan kampaniyanın əsas tələbi odur ki, sözügedən qanuna salınmış GMO məhsullara icazə verilməsini nəzərdə tutan 25.8 maddəsi qanun layihəsindən çıxarılsın və ya dəyişdirilsin. Bununla bağlı Milli Məclisə müraciət edilib.

SCH-dən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir;

Hörmətli Milli Məclis üzvləri, əziz deputatlar.

Sizə müraciətimiz xalqımız və dövətimiz üçün həyati əhəmiyyətli bir məsələ ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, Sağlam Cəmiyyət Hərəkatı Milli Məclisdə 1-ci oxunuşdan keçmiş “Qida təhlükəsizliyi haqda” qanun layihəsinin 25.8 maddəsinin çıxarılması və ya dəyişdirilməsi üçün minlərlə ictimai şəxs tərəfindən dəstəklənən ictimai kampaniyaya start verib, media vasitəsilə deputatlara və ölkə ictimaiyyətinə müraciət edib.

Adından göründüyü kimi, bu qanun qida təhlükəsizliyini təmin etməlidir, lakin hesab edirik ki, qanunda nəzərdə tutulan bəzi müddəlar bu sahədə ciddi problemlərə səbəb ola bilər. Misal üçün, qanun layihəsinin 25.8 maddəsində GMO yem məhsullarının istifadəsinə icazə verilməsi nəzərdə tutulur. GMO yemlərlə qidalanan heyvanların və quşların ətini və digər məhsullarını yeməklə biz orqanizmimizə həmin qeyri-təbii məhsulları daxil etmiş oluruq. Bu isə sağlamlığımız üçün olduqca təhlükəlidir. Çünki GMO qidaların insan sağlamlığı və həyatı üçün böyük təhlükə yaratdığı, ağır xəstəliklərə səbəb olduğu inkişaf etmiş ölkələrin (Fransa, Rusiya, Almaniya, Çin və s.) çoxsaylı elmi mərkəzləri tərəfindən dəfələrlə sübut olunub. Bu məhsullar strateji planda milli genefondumuzu dağıtmağa, ölkəmizi qlobal transmilli şirkətlərdən tam asılı vəziyətə salmağa gətirib çıxara bilər. Ona görə də, hesab edirik ki, bu məsələ birbaşa milli və dövlət təhlükəsizliyimizlə bağlıdır.

Bu məhsullar geniş yayıldıqdan sonra xəstəxanaların və apteklərin sayının kəskin artdığını özünüz də görürsünüz, onlarda davamlı növbələrin olduğunu da. Ölkədə xərçəng də daxil ağır xəstəliklərə yoluxma sayının necə sürətlə artdığı haqda statistikalar da dediklərimizi sübut edir.

Geni dəyişdirilmiş məhsullar insanlar və bütün canlı aləm üçün qorxunc və çox dəhşətli bir faciədir. Bu bir növ gec partlayan bombadır. Bu məhsullar insanın gen strukturunu və psixologiyasını dəyişir, onun immunitetini ağır vəziyyətə salır, onu öz təbii bioloji vəziyyətindən çıxarır və çox qorxunc xəstəliklərə səbəb olur. Bu məhsullarla qidalanarkən bizim orqanizmimizə müxtəlif heyvanların genləri yeridilir. Bu da özünü ağır xəstəliklərin çoxalmasında aydın göstərir. GMO özünü 2-ci nəsildə daha faciəvi şəkildə büruzə verir və verəcək- yəni bizim uşaqlarımızda.

Bu, dövlətimiz üçün də strateji təhlükədir- GMO toxumlar reproduksiya vermədiyindən öz təbii toxumlarını məhv edərək GMO toxumların əkininə keçən ölkələr hər il Monsanto kimi qlobal korporasiyalardan toxum almaq məcburiyyətində qalır. Nəticədə həmin dövlət bir qlobal şirkətdən tam asılı vəziyyətə düşür, müəyyən vəziyyətlərdə o şirkət həmin dövlətə qarşı istənilən tələbi irəli sürə bilər, buna razı olmayanda isə sadəcə toxum ixracını dayandırar və ölkənin kənd təsərrüfatını məhvə düçar edə, iqtisadi və sosial böhran yarada bilər. Əminik ki, bunun necə qorxunc bir təhlükə olduğunu hamımız başa düşürük.

Bundan başqa, qida təhlükəsizliyi təmin edilməyəndə əhali arasında xəstəliklər kəskin artır, viruslara müqavimət azalır. Nəticədə dövlət ağlagəlməz məbləğlərdə zərərə düşür, səhiyyə xərcləri kəskin artır, əlillərin və ağır xəstələrin sayının artması dövlətin sosial yükünü artırır, cəmiyyətdə işləmədən müavinət alanların sayı artır və s.

Dünyanın əksər ölkələrində GMO məhsullara qarşı dövlət və ictimai təşkilatlar səviyyəsində mübarizə aparılır, bir çox ölkələrdə transgen məhsulların istehsalı, idxalı, satışı qadağan edilib. Əksər ölkələrdə buna qarşı ciddi müqavimət var.

Bizdə də dövlətimiz, parlamentimiz geni dəyişdirilmiş məhsulları qadağan edən, yalnız ekoloji təmiz təbii məhsulların istehsalı, idxalı və satışına icazə verən bir neçə qanun qəbul edib.

Azərbaycan Respublikası qanunvericiliyinə görə, genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır. Lakin buna baxmayaraq bir qrup maraqlı şəxs tərəfindən GMO yem məhsullarının istifadəsinə icazə verilməsinə dair tələb “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin 25.8 maddəsində öz əksini tapıb.

Azərbaycan təbiəti, vətənimizin yeraltı və yerüstü resursları bizim özümüzü təbii məhsullarla təmin etməyimiz üçün yetərli imkanlara malikdir. Bu potensialdan səmərəli istifadə etməklə, sağlam cəmiyyət, güclü dövlət yarada bilərik. Bizim genefondumuzu dağıdacaq, xalqımızı və dövlətimizi sosial-iqtisadi cəhətdən ağır vəziyyətə sala biləcək GMO məhsullara ehtiyacımız yoxdur.

Bu səbəbdən də, ümid edirik ki, hörmətli deputatlarımız bu qanun layihəsinin 25.8 maddəsi çıxarıldıqdan və ya dəyişdirildikdən sonra qəbul edilməsinə səs verəcəklər.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə