Ailə qurmaq gənc yaşına çatan hər bir kəsin arzusudur. Lakin ailə quran zaman tələskənliyə yol vermək sevginin uzunömürlülüyünə bəzən zəmanət vermir. Bəzi cütlüklər var ki, illərdir bir-birilərini sevirlər. Lakin ailə qurduqdan sonra bir-birlərinə qarşı olan sevgi, hörmət bir müddətdən sonra yox olur. Belə olan təqdirdə sual ortaya çıxır. Bəs görəsən evlilik sevgini öldürürmü?
SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:
Şəhər sakini Xanım Əlizadə: “Bu dövrdə sevgi yoxdur. Çünki indiki gənclərdə ciddiyyət yoxdur. Bir-birlərinə qeyri-ciddi yanaşırlar. Onlar elə bilirlər ki, bir-birlərinə hörmət edir, sevgi göstərirlər. Lakin bu, belə deyil. Bu səbəbdən onlar ailə qurduqdan bir müddət sonra ayrılmağa çalışırlar. Deyirlər ki, guya sevgiləri bitib. Başa düşmürlər ki, onların arasında sevgi heç əvvəldən olmayıb”.
Şəhər sakini Tural Qəniyev: “Düşünürəm ki, bu, ilk olaraq iki tərəfin də bir-birinə qarşı hörmət hissinin olmamasından irəli gəlir. Bir anlıq həvəs hissi ilə hərəkət edirlər. Bu da sonradan böyük peşmançılıqlara yol aça bilir. Nəticə etibarilə ailə qurduqdan bir müddət sonra ailədaxili problem yaranır".
Şəhər sakini Aynur Mehdiyeva: “Hesab edirəm ki, heçnə olmadan sevgi bitmir. Əgər, qarşındakı insan sənə qarşı hər hansı bir hörmətsizlik, düşüncəsizlik, mədəniyyətsizlik etməyibsə, sevgi niyə bitsin ki? Deməli lap əvvəldən bu iki insan arasında sevgi olmayıb. Bir çox insanlar deyirlər ki, evlilik sevgini öldürür, ailə qurandan sonra sevgi yaddan çıxır. Bu, heç də düzgün yanaşma deyil. Ətrafda nə qədər sevib, ailə qurub, xoşbəxt olan cütlüklər göz qabağındadır”.
Şəhər sakini Qənbər İsayev: “Əvvəllər bir-birini sevən insanlar arasında hörmət var idi. Həqiqətən o zamanlar sevgi tam başqa cür idi. İndiki cütlüklərə sadəcə heyifslənirəm. Çünki onlar arasında hörmət, bir-birini qarşılıqlı anlama anlayışı yoxdur. Onlar sevdiyinin qədrini bilmirlər. İtirdikdən sonra başa düşürlər. Keçmişin hər şeyi gözəl olduğu kimi sevgisi də gözəl idi”.
Şəhər sakini Mehriban Hüseynova: “Məncə, sevgi bitmir. Sadəcə bir-birinə olan güvən hissi ölür. İndiki dövrdə insan bilmir ki, kimə güvənsin. Sanki hər kəs bir-birindən sui-istifadə etməyə çalışır. Bu səbəbdən ailə qurduqdan sonra deyirlər ki, sevgimiz ölüb. Bu, heç də yaxşı bir əlamət deyil. Çünki həmin ailələrdə bir uşaq dünyaya gəlir. Uşaq böyüdüyü ailədən tərbiyə götürür. Bu hal uşağın psixologiyasına ciddi təsir göstərir”.
Şəhər sakini Qulam Məmmədov: “Ümumiyyətlə indiki cavanlar qəti şəkildə elə bil ailə tərbiyəsi almayıb. Onlarda mədəniyyət, mərifət, hörmət deyilən anlayış yoxdur. Qalmışdı ki, həmin insanda sevgi olsun. Ciddi şəkildə gənclərimizdə problem var və düşünürəm ki, bu ilk növbədə ailədən qaynaqlanır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB