Yeniyetmələrdə onurğa əyriliyinə əsas səbəb nədir? - MÜTƏXƏSSİS AÇIQLADI

Yeniyetmələrdə onurğa əyriliyinə əsas səbəb nədir? - MÜTƏXƏSSİS AÇIQLADI

“Sağlam onurğa - sağlam insan deməkdir. Bir çox xəstəliklərin səbəbi onurğa sütunu problemləridir”. Bu sözləri SİA-ya açıqlamasında Fövqalədə Hallar Nazirliyinin Tibb Mərkəzinin Fizioterapiya bölməsinin rəisi, tibb xidməti mayoru Şəhla Qafarova bildirib.

Onun sözlərinə görə, əbəs yerə deyil ki, hər hansı bir işdə insanın vacibliyini bildirmək üçün, “O, adam işin onurğa sütunudur" deyirlər: “Lakin təəssüf ki, günümüzdə çoxsaylı mənfi faktorlar hesabına yeniyetmələrdə onurğa sütunu əyrilikləri müşahidə olunur.

Uşaqların idmanla müntəzəm məşğul olmaması, kompyuter və telefonlarda səhv oturmaqla çox zaman keçirmələri, "fast food" qidalara üstünlük verməsi, maddələr mübadiləsini pozur və əzələ sistemini zəiflədir.

Nəticədə uşaq sürətlə boy atan zaman onurğa düz böyümək əvəzinə əyri, "C" və ya "S" şəklində uzanır. Bu isə müqabilində xarici görünüşü pozmaqla yanaşı, aidiyyatı orqanlara mənfi təsirini zamanla göstərir. Skoliozun ağırlığı dərəcələrinə görə ayırd edilir.

1. Mülayim -20 dərəcədən az (gözlə görünməyən)

2. Orta-25 -30 dərəcə (gözlə görünən)

3. Ağır-50 dərəcədən çox (bu halda həyat fəaliyyətinə mane olur)

Valideynlər artıq baş, boyun, bel ağrısı və ya nəfəs çatışmazlığı və s. elementlər olanda problemdən xəbər tuturlar. Bu isə çox vaxt gec ola bilər. Valideynlər vaxtaşırı övladlarını vizual nəzərdən keçirməli, yerişinə, oturuşuna, çiyinlərin bərabər hündürlükdə olmasına diqqət yetirməlidirlər. Hər hansı dəyişiklik gördükdə fizioterapevtə müraciət olunmalıdır. Bu halda fizioterapevt həkim tərəfindən müalicə təyin olunmalı və problemin proqressivləşməsinə mane olunmalıdır. Hər kəsə sağlam həyat arzulayıram”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə