Havanın çirklənməsinin qarşısı NECƏ ALINMALIDIR? - EKOLOQ AÇIQLADI
“Havanın çirklənməsini minimuma endirmək üçün ilk növbədə havanı çikləndirən amilləri müəyyən etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.
Onun sözlərinə görə, bura birinci növbədə iri istehsalat müəssisələri aiddir: “Onlara diqqət etmək lazımdır. İri istehsalat müəssisələri dedikdə istehsal zamanı yüksək tempratura ehtiyac olan yerlər nəzərdə tutulur. İstehsal prosesi hər hansısa bir mərhələdə yüksək temperaturdan keçir. Sement zavodları, xam istehsal ilə məşğul olan müəssisələr, filiz yataqlarının ilkin emalı, dəmir əritmə sex və zavodlarının fəaliyyətini bu istehsalat müəssisələrinə aid etmək olar. Çünki bu cür yerlərdə istər-istəməz istehsalat zamanı tullantılar atmosferə atılır. Bu da təbii ki, havanı zəhərləyən ən birinci amil kimi qəbul edilə bilər. Bu cür müəssisələr ən güclü çirkləndirmə mənbələri hesab olunur.
İkinci sırada isə daxili yandırma mənbələri ilə işləyən avtomobillər dayanır. İnsan həyatı, məişətini də bunlara aid etmək olar. Heyvandarlıq müəssisələri də havanı çirkləndirən müəssisələrdəndir. Maldarlıq fermalarında ətrafda peyinin necə utilizasiya edilməsi prosesi çox böyük əhəmiyyət kəsb edir. Yəni əgər toplu şəkildə peyin yığılırsa, bu zaman orada müəyyən bakteriyalar aktivləşərək peyinin daxilində güclü metan qazı ayrılmasına səbəb olur. Bu zaman bu metan qazı atmosferin yuxarı qatlarında zədələnmə ilə nəticələnir. Yəni bu kimi bir çox halları sadalamaqla bitməyən amillər mövcuddur. Bunların da hər biri təbii ki, incələnməli və diqqət mərkəzində olmalıdır.
Yüksək temperatur nıticəsində atmosferin çirklənməsinə səbəb olan müəssisələrdə onlar təmizlənərək atmosferə buraxılmalıdır. Bu proses isə müəyyən qurğular hesabına başa gəlir. Hansı ki, həmin qurğular o qədər də ucuz deyil. Buna görə də əksər müəssisələr bundan qaçırlar. Bu zaman isə müəyyən bir formada bu prosesi yola verməyə çalışırlar. Bu baryeri başqa şəkildə aşmağa səy göstərirlər.
Avtomobillərin havaya atdığı mənfi yüklərin qarşısını almaq üçün isə avtomobillərin saz vəziyyətdə olması böyük əhəmiyyət kəsb edir. Bunun üçün də avtomobillə bağlı bütün qaydalara riayət edilməlidir. Ümumilikdə hər kəs öz səlahiyyəti və cavabdehliyi çərçivəsində üzərinə düşənləri yerinə yetirməlidir. Buna görə də davamlı və güclü şəkildə maarifləndirmə işləri aparılmalıdır”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB