Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurur - SOSİOLOQ ŞƏRH ETDİ

Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurur - SOSİOLOQ ŞƏRH ETDİ

“Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurur. Bəzi insanların isə niyə bundan bu qədər çox istifadə etmələrinin müxtəlif səbəbləri var”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə mənim təqdim etdiyim və dünyada da uğurla yayılan “Ahəng yol” elmi fəlsəfi konsepsiya bu kimi problemləri kifayət qədər izah edir: “Hətta təkcə narkomaniya ilə bağlı deyil, eyni zamanda insan davranışları ilə bağlı da bir çox məlumatlar verilib. İnsanın davranışının formalaşmasında 4 amil mühüm rol oynayır.

Birincisi insanın öz şəxsi keyfiyyətləridir. İnsanın psixoloji, mənəvi vəziyyəti də burada çox böyük rol oynayır. İkinci yaşadığı mühit, üçüncü ətraf mühit, dördüncüsü isə dəyərlərdir.

İnsanların narkotik maddələrdən istifadəsində müəyyən qədər psixologiyaları rol oynayır. Valideynlər arasında narkoman olması, uşaq ana bətnində olduqda ananın narkotik maddələrdən istifadəsi də böyük rol oynayan amildir.

Əgər evdə valideynlər narkotik maddələrdən istifadə edirlərsə, bu zaman uşaq o narkotik maddələrin iyi ilə böyüyür. Hətta həmin iyləri ana-atanın iyi kimi qəbul edir. Buna görə də bir müddət sonra uşaq ana-atanın, dolayı yol isə narkotik maddənin iyini tələb edir.

Digər tərəfdən uşağın böyüdüyü mühit də böyük rola malikdir. Belə ki, ətrafda hər kəs narkomandırsa təbii olaraq uşaq da bunu normal, yaxşı bir şey kimi qəbul edəcək. Bundan əlavə düzgün informasiya verərək azyaşlıları düzgün formada istiqamətləndirmək də görülə biləcək vacib işlərdəndir.

Eyni zamanda hazırda elə mahnılar var ki, onlar sırf narkotik maddələrin təbliğatını aparırlar. Bütün bunların qarşısını almaq vacibdir.

Ümumiyyətlə mən düşünürəm ki, narkomaniyanın qarşısını almaq üçün tədbirləri gücləndirmək lazımdır. Çünki hazırki vəziyyət heç də qənaətbəxş deyil”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə