Şəhərə tamaşa etməyin ən gözəl yolu buradan keçir - FUNİKULYOR - FOTOREPORTAJ
Hazırda Şəhidlər Xiyabanı ilə Dənizkarı Milli Parkı ən qısa yolla birləşdirən yeganə nəqliyyat vasitəsi funikulyordur. Şəhərin mərkəzində yerləşən bu məkan hər zaman turistlərin və şəhər sakinlərinin diqqətini çəkir. Bir çoxları üçün bu sadəcə rahat nəqliyyat vasitəsi olsa belə çoxları şəhərin mənzərəsini buradan izləməyi sevdiyi üçün funikulyora üz tutur. Funikulyor keçmişdən bu günə yenilənərək ən müasir standartlara uyğun olaraq formalaşdırılıb.

Bakı funikulyoru ilk dəfə Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-ci il mayın 5-də istifadəyə verilmişdir.
Funikulyorun 2 stansiyası var: "Bəhram Gur" və "Şəhidlər Xiyabanı". Stansiyalararası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 15 dəqiqə təşkil edir.

Funikulyor bir neçə dəfə təmir üçün bağlanıb və yenidənqurma işlərindən sonra müasir texnologiyalarla təchiz edilib. Açılışında cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Biz də SİA olaraq funikulyora gedərək, şəhərin mənzərəsi və buradakı vəziyyətlə bağlı reportaj hazırladıq.
Səhər saatlarında getdiyimiz üçün işçilərdən başqa heç kim yox idi. Amma 5-10 dəqiqə keçdikdən sonra bir cütlük yaxınlaşdı. Əslində biz də səhər saatlarında kiminsə olacağını düşünməmişdik. Amma saatın heç bir fərqinin olmadığını və şəhər sakinlərinin funikulyorun açıldığı saatlarda belə bura gəldiyinin şahidi olduq.

Biz çox tez bir vaxtda getdiyimiz üçün hələlik gündəlik təmizlik işləri aparılırdı. Lakin çəkiliş etməyimizə icazə verdilər. Ümumi olaraq diqqətimi çəkən ən vacib məsələ hər yerin, xüsusilə də funikulyorun pəncərələrinin olduqca təmiz olması idi. İlk dəfə mindiyim üçün nə ilə qarşılaşacağımı bilmirdim. Bu baxımdan işçilər də olduqca mehriban idi. Lazım olduğu müddətcə suallarımızı da cavablandırırdılar.
Məni ən məyus edən məqam məsafənin qısa olduğu üçün, gedişin tez bir zamanda bitməsi oldu. Çünki buradan şəhərin mənzərəsini izləmək çox xoş idi. Demək olar ki, bütün şəhəri, Dənizkənarı Milli Parkı buradan izləmək olurdu.

Əldə etdiyimiz məlumata görə vətəndaşlar funikulyora daha çox yay fəslində müraciət edirlər. Xüsusilə də turistlər bura böyük bir maraq göstərirmiş. Onlar üçün şəhərin mənzərəsini buradan izləmək çox maraqlı imiş.
Eyni zamanda pandemiya ilə bağlı olaraq da hazırda vaqonlara maksimum 14-15 nəfərin bir gedişdə buraxıldığına icazə olduğu bildirildi. Kütləvi axın olduğu zamanlarda da buna görə sakinlərin intervala uyğun olaraq buraxıldığı deyildi.
Bundan əlavə olaraq isə funikulyor bazar ertəsi xaricində həftənin bütün günləri işləyir. Bazar ertəsi isə işləməmə səbəbinin profilaktika günü olduğu qeyd edildi.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB