Döyüşlərdə qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı - MƏQALƏ

Döyüşlərdə qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı - MƏQALƏ

4 aprel Azərbaycan üçün dörd günlük şərəfli müharibənin ildönümüdür. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.

Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Bu hadisələr Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu göstərdi. Aprel döyüşlərindəki məğlubiyyətdən sonra erməni təbliğatçıları Ermənistan cəmiyyətində ruh yüksəkliyi yaratmaq üçün Türkiyə və Azərbaycan torpaqlarına iddialarını bir daha açıq formada göstərdilər.
Döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərə məxsus 14 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən 100-dən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

İlk döyüşlərdə Azərbaycanın 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri Ermənistan tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Beləliklə, aprel döyüşləri Azərbaycana torpaqların hərbi yolla işğaldan azad etmək üçün "yaşıl işıq" da yandırdı, bunu reallaşdırmaq üçün Azərbaycanın hər cür imkanı olduğu nümayiş etdirildi. Eyni zamanda Azərbaycan cəmiyyətinin də işğal faktını çox uzanmasından narahat olduğu üzə çıxdı.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşməyə hazırdır. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir. Əslində, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür.

Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Aprel döyüşləri bizim şanlı hərbi zəfərimiz, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbəmizdir.

Ləman Əlizadə

Azərbaycan Dillər Universitetinin "Filologiya" fakültəsinin 4-cü kurs tələbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə