Robotlara qarşı məhəbbət yaranır - SORĞU

Robotlara qarşı məhəbbət yaranır - SORĞU

“Robotlaşma təbii tarixi hadisədir, burada qorxulu heçnə yoxdur. Təbiidir ki, elm inkişaf etdikcə insanların idrakları ilə yaradılan intellekt ciddi bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, hazırda insanlara robotlar barədə düzgün məlumat verilmir: “Düşünürlər ki, robotlar gün gələcək insanları qabaqlayacaq. Lakin belə bir halın yaşanması qeyri-mümkündür. Çünki elə o robotlar da məhz insan intellekti nəticəsində yaranıb. Əgər insanların həyat fəlsəfəsi düzgün olsa, yaranan süni intellektlər də faydalı olar və insanlara kömək edər. Lakin insanların düşüncələri nə qədər qarışıq olarsa, robotlar da ziyanverici funksiya rolunda çıxış edəcək. Hər zaman diqqətdə saxlamaq lazımdır ki, hər bir şey insanın düşüncəsi və həyat fəlsəfəsindən asılıdır. Yəni hər şey insan idrakının imkanları daxilindədir. Bəzi insanlar robotlardan qorxur və zaman keçdikcə iş yerlərində insanların robotlarla əvəzlənəcəyini düşünürlər. Amma əksinə robotlar insanlara kömək olur. Bunun nəticəsində də insanlar öz həyatlarını daha rahat yaşaya və sosial problemlərini rahatlıqla həll edə bilərlər”.

Eyni zamanda məsələ ilə bağlı psixoloq fikirlərini də öyrəndik.

“Müasir texnologiyaların inkişafı insanları daha çox ünsiyyətdən kənar qoyur. Amma elə insanlar var ki, onlar bu prosesi tənzimləyə bilirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, texnika bizim həyatımızda müsbət təsirlər göstərirsə, mənfi təsirlərini də bilməli və onlardan maksimum şəkildə özümüzü qorumağı bacarmalıyıq: “Robotlaşma dediyimiz şey yeni texnologiyadan istifadə bizim müasir dövrdə daha çox bilik əldə etməyimizə xidmət edir. Demək ki, bunu biz təkcə robotlaşma kimi görməməliyik. Eyni zamanda onu özümüzü inkişaf üçün əlaqələrin qurulması kimi göstərməliyik. Davranış baxımından daha çox uşaqlar və yeniyetmələrdə özünü göstərir. Uşaq və yeniyetmələr də daha çox telefon və kompyuterlərə bağlı olurlar. Daha çox virtual aləmdə olmağa, müəyyən oyunlar oynamağa üstünlük verirlər. Eyni zamanda canlı ünsiyyətdən qaçır sosial şəbəkə üzərindən əlaqə qurmağa çalışırlar. Çünki canlı şəkildə ünsiyyətdən qurmaqdan çəkinirlər və bu onlar üçün olduqca çətin olur. Lakin yaşlı insanlar bu cür hal yaşamırlar. Çünki onlar yeni texnologiyalardan nə qədər istifadə etsələr belə lazımi anda özlərinə dur deməyi bacarırlar. Bunun səbəbi isə bu yaş qrupuna daxil olan insanların yeni texnologiyalardan daha şüurlu şəkildə istifadə etməsidir. Robotlaşma dediyimiz müasir texnologiyaların tətbiqi sadəcə insanların düzgün şəkildə istifadəsindən asılıdır. Uşaqlar və yeniyetmələrə isə müəyyən vaxt ərzində smartfonlardan icazə verilərsə daha yaxşı olar”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə