Oruc tutan şəxs bunlardan mütləq uzaq durmalıdır - QMİ RƏSMİSİ AÇIQLADI

Oruc tutan şəxs bunlardan mütləq uzaq durmalıdır - QMİ RƏSMİSİ AÇIQLADI

“Oruc tutan şəxs ilk öncə niyyət etməlidir. Bu niyyətin edilməsi mütləq və vacibdir. Oruc tutan şəxs hər gün üçün də niyyət edə bilər, ümumi ayın əvvəlində də niyyət edilməsi mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, niyyət yatmamışdan əvvəl də edilə bilər, həmçinin imsak üçün duran zaman da niyyət etmək olar:
“Oruc tutan şəxs yemək və içməkdən gün ərzində özünü mütləq şəkildə qorumalıdır. Hətta qatı tüstü, yəni siqarət, tütün kimi tüstülərin boğaza ötürülməsi qadağandır. Eyni zamanda bronxit xəstəliyi olanların müəyyən spreylərdən istifadə etmələrinə əvvəllər icazə yox idi. Lakin indiki alimlər artıq buna icazə verdilər. Çünki bildirildi ki, bu spreylər qida və tüstü şəklində olmadığı üçün istifadəsinə də icazə var. Yəni əgər zərurət varsa bunu istifadə edə bilərlər və bu zaman orucları batil olmaz. Amma insan ümumilikdə heç bir qida və mayedən istifadə edə bilməz. Lakin səhvən, bilmədən qida qəbul edərsə, yadına düşən kimi ağzında nə qədər qalıbsa artıq onu xaric etməlidir. Lakin boğzından keçibsə, eyib etməz və orucu batil olmaz. Yəni bu kimi halar bilmədən yaşanırsa, bu zaman oruc batil olmur.

Eyni zamanda insanlar cinsi həyatlarını sübh açılandan axşama kimi etməməlidirlər. Amma dinimiz icazə verir ki, insanlar hava qaraldıqdan sübh Azanı oxunana qədər olan müddət ərzində normal həyatlarına davam edə bilərlər. Sadəcə olaraq insanın boynuna qüsul gələrsə, sübh namazına qədər bunu mütləq etməlidir. Yəni yuyunmalıdır, əgər yuyunmasa orucunu batil edə bilər. Su tapa bilmir, əgər yuyuna bilmirsə, bu zaman yuyunmaq əvəzinə torpaqla təumum edilməlidir. Gün ərzində hava açılandan sonra su taparsa, yuyunmağa imkanı olarsa, bu zaman yuyunmalıdır.

Əgər kimsə iş ilə əlaqədar daim yolda olursa, o insanlar da oruc tuta bilər. Eyni zamanda hamilə qadınlarla bağlı həkim bildirir ki, oruc tutmaq güzəştlidir. Bu zaman gələn Ramazana qədər qəza edə bilər. Eyni zamanda bu məsələ süd verən analara da aid edilir. Qocalara da güzəşt edilir. Bundan əlavə müəyyən xəstələr olur ki, onlar da güzəştli sayılır. Hansı ki, oruc tutmaq onların orqanizmləri üçün zərərlidir, eyni zamanda gün ərzində dərman qəbul etməli olurlar.

Eyni zamanda orucluq zamanı zərurət varsa, diş çəkdirməyə də icazə var. Müalicəyə ehtiyac olduğu təqdirdə isə boğazdan su keçməsinə icazə vermədən müalicə olunmaq olar. Eyni zamanda insan məcburiyyət qarşısında qalmadığı təqdirdə çalışmalıdır ki, səfərə çıxmasın. Lakin belə bir hal baş verərsə, bu zaman getdiyi yerdə yenidən niyyət edib, orucunu tamamlaya bilər. Yola çıxan zaman günorta namazından sonra çıxıldıqda, heç bir problem yaşanmaz və şəxs orucunu davam etdirə bilər.

Orucluqda insan tək orqanizmini deyil, eyni zamanda ruhunu da təmizləməlidir. Qeybət etməməli, yalan sözlər danışmamalı, naməhrəmə baxmamalı, yəni günahlardan çəkinməlidir. Hətta qəlb günahları da var, hansı ki, fikirdə, düşüncədə baş verir. Bunların da qarşısı alınmalıdır.

Orucluq ərzində dua edilməli, namaz qılınmalı, quran oxunulmalıdır. Bu zaman insan nə qədər zikr etsə, o qədər yaxşıdır. Namaz qılmağı bacarmayanlar öyrənməyə çalışsın. Eyni zamanda namaz qıla bilmirsə, oruc tuta bilər. Lakin Namaz qılmağı da öyrənməyə başlasa yaxşı olar. Orucluqda insan yaxşılıqlar etməli, ehtiyacı olanlara kömək etməlidir. Allah hər kəsin dualarını qəbul etsin”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə