Qarabağ mövzusunda kitabın təqdimat mərasimi keçirilib

Qarabağ mövzusunda kitabın təqdimat mərasimi keçirilib

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın salamlarını çatdırıram. Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeyə təşəkkürümü bildirirəm. Bildiyimiz kimi sabah soyqırım günüdür. Bu tarix Ulu Öndərin imzaladığı fərmanla anılır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin (Əliyeva) müəllifi olduğu Qarabağ mövzusunda “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın həsrətim” adlı kitablarının təqdimat mərasimində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Azadə Novruzova deyib.

Onun sözlərinə görə, çalışaq ki, bu günlə bağlı dünya ictimaiyyətinə məlumatlar ötürək: “Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə xanımın Azərbaycan xalqının başına açılan müsibətlərlə bağlı çoxşaxəli yaradıcılığı var. Biz onunla məhz milli kitabxanada tanış olub uzun yaradıcılıq yolu keçmişik”.

Azadə Novruzova sözlərinə belə davam edib: “İradə xanıma arzu edirəm ki, o bizim işğaldan azad olunmuş torpaqlarımızı qarış-qarış gəzərək kitab yazsın, oradakı işlərlə yaxından tanış olsun. Uğur arzulayıram”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə