31 Mart soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qanlı hadisədir – Aydın Hüseynov

31 Mart soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qanlı hadisədir – Aydın Hüseynov

“Azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı özünün kulminasiya nöqtəsinə, daha doğrusu ən qəddar fazasına 31 mart 1918-ci ildə çatmışdır. Erməni-daşnak birlikləri bolşeviklərlə birgə Bakıda, Şamaxıda, Qubada, indiki Qəbələdə, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər bölgələrində insanın ağlına gəlməyən vəhşiliklərini törətmişlər. Uşaq-körpə, qoca-yaşlı demədən azərbaycanlı olduqlarına görə insanlar gülləbaran edilmiş, diri-diri quyulara doldurulmuş, ən qəddar üsullardan istifadə etməklə minlərlə soydaşımız soyqırımına məruz qalmışlar. Bəşəriyyətə qarşı törədilmiş qeyri-insani, vəhşi hərəkətlərə, erməni vandallığına hələ də dünya birliyi adekvat münasibət göstərməyib. Cinayətkarlar öz cəzalarına çatmayıb, ən azından bu cinayətə, soyqırımına siyasi qiymət verilməyib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, erməni vəhşiliyinin, azərbaycanlılara qarşı törətdikləri soyqırımının izlərinə Azərbaycanın bütün bölgələrində rast gəlinir: “Yaşlı insanların söylədikləri, arxivlərimizdəki sənədlər o dövrdə baş verən hadisələrin tam izahını verə bilir. Qondarma “erməni soyqırımı”ndan fərqli olaraq azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri, soyqırımını asanlıqla sübut və isbat etmək olur. Amma dünya birliyi hələ də bu faktları görməzdən gəlir, əksinə qondarma “erməni soyqırımı”nı tanımağa cəhd göstərir. Sovet hakimiyyəti illərində bu barədə danışmaq, həmin qanlı səhifələri vərəqləmək qadağan olunsa da, müstəqillik illərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə arxiv sənədlərinin açılması, ermənilərin iç üzünün bütün dünyaya göstərilməsi nədənsə hakim dairələrin yadına da düşməyib. Amma Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktları, həmin hadisələrin təfərrüatı, günahkarları barədə dünya ictimaiyyətinə geniş məlumatlar verilməyə başlandı. Öncə Parlamentdə müzakirələr aparıldı və rəsmi olaraq bu tarixin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilməsi qərara alındı. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Həmin Fərmana əsasən martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Ulu Öndərin Fərmanı ilə soyqırımı tarixinin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və xarici dillərə tərcümə olundu. Aparılmış araşdırmalar nəticəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Məlum oldu ki, 1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi”.

A.Hüseynov tarixi faktlara müraciət edərək bildirib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakıda, habelə Bakı quberniyasında xüsusi qəddarlıqla törədilən kütləvi qırğınlarda minlərlə soydaşımız öldürülüb: ”Təkcə Bakıda daşnaklar 15 mindən çoх günahsız azərbaycanlını qətlə yetirib. Həmçinin, erməni quldurları Şamaxıda 8 minədək soydaşımızı soyqırımına məruz qoyublar, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə məhv edilib. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib. Ermənilərdən ibarət silahlı dəstələr Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv ediblər, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Zəngəzur qəzasında bütövlükdə 10 mindən cox azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı isə yurd-yuvasını tərk edərək qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv edib. Bu faktlar rəsmi sənədlərdə də öz əksini tapıb. Amma faktlara, sübutlara baxmayaraq dünya birliyi hələ də ermənilərin törətdiyi bu vandallığı, bəşəriyyətə qarşı törədilmiş vəhşiliyi görməzdən gəlir. İnanırıq ki, gec-tez haqq-ədalət öz yerini tutacaq, dünya ölkələri erməni-daşnak-bolşevik birliyinin Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri soyqırımı həqiqətlərini qəbul etməli olcaqlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə