Oruc tutmağın xeyri və ziyanı NƏLƏRDİR? - SORĞU

Oruc tutmağın xeyri və ziyanı NƏLƏRDİR? - SORĞU

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Orucluq vaxtı yemək, içmək, siqaret çəkmək, və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, boylu qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 sutka davam edir. Bəs Ramazan ayında nələrə əməl olunmalıdır? Bu ayın özəliyi nədir? Mövzu ilə əlaqədar olaraq paytaxt sakinlərinin təəssüratlarını öyrənmək məqsədi ilə SİA olaraq onlar arasında sorğu keçirdik.

Şəhər sakini Mədinə Ramazanlı: “Ramazan ayı və oruc tutmaq barədə ətraflı məlumatım olmasına baxmayaraq keçən il oruc tutmuşdum. Detoks baxımından çox yaxşıdır. Çünki insan orqanizması demək olar ki, bütün zərərli maddələrdən təmizlənir. Lakin uzun müddətli şəkildə proses davam edərsə bir sıra problemlər yarana bilər. Həmçinin oruc tutmaq dini inanclara da bağlıdır. Bildiyiniz kimi bir çoxları orucu sırf Ramazan ayında tutur”.

Şəhər sakini Hüseyn Bayramlı: “Hamıya məlum olduğu kimi aprelin 2-dən artıq Ramazan ayı başlayır. Mən özüm namaz qılıram və hər il də oruc tuturam. Təbii ki, oruc tutumaq vacib bir faktordur. Oruc tutmaq insana bir yox, bir çox şeylər qazandırır. Bunu daha dəqiq bilmək üçün dini kitabları açıb baxmaq kifayət edir. Adi vaxtlarda da oruc tutulur. Lakin zamanında buna əməl olunsa daha yaxşı olar”.

Şəhər sakini Elmira Heydərova: “Mən vaxti ilə 15 ilə yaxın hər il oruc tuturdum. Lakin indi səhhətimdə yaranmış vəziyyətlə əlaqədar olaraq oruc tuta bilmirəm. Hansı insan ki, oruc tutur onlar bilnməlidir ki, çox gözəl bir iş görürlər. Çünki insan oruc tutmaqla həm daxili, həm niyyətini, həm də əməlini təmizləmiş olur. Onun üçün də oruc tutmaqla sən yalnız ac qalmış olmursan. Ramazan ayı doğurdan da müqəddəs bir aydır”.

Şəhər sakini Şeyx İbrahim Fərid: “Mən özüm dindar deyiləm və oruc tutmamışam. Lakin oruca bənzər bir sıra praktiklar etmişəm. İslamdan başqa digər dinlərə də nəzər yetirsək görərik ki, bir çox dinlərdə də oruca bənzər hallar var. Bu sağlamlıq üçün çox önəmlidir. İnsanın bədənin sağlam olması üçün bu üsuldan istifadə edilməlidir. Məncə, təkcə Ramazan ayında deyil, insanlar hər bir ayda bunu həyata keçirə bilərlər”.

Şəhər sakini Ruhiyyə Əsgərova: “Ramazan 11 ayın sultanı hesab olunur. Hazırda mən özüm bu gün də oruc tutmuşam. Bütün insanlara oruc tutmağı tövsiyyə edirəm. Bilirsiz ki, insan orucunu pozduğu zaman qəzalar edə bilər. Bu qəzaları ödəmək üçün başqa aylarda da, oruc tuta bilər. Lakin fikrimcə, orucu tutmaq üçün Ramazan ayını gözləmək lazımdır”.

Şəhər sakini Əli Məmmədli: “Allahın buyurduğu 5 əsas amildən biri də oruc tutmaqdır. Bunun üçündə hər müsəlmanın oruc tutması vacibdir. Mən keçən il oruc tutmuşdum. İnşallah nəsib olsa bu ildə tutacam. Əsasən bir çoxumuz sırf Ramazan ayında oruc tuturuq. Ancaq bildiyim qədəri ilə hər hansısa bir işinin uğurlu olması və həyata keçməsi üçün də oruc tutmaq olar”.

Şəhər sakini Məhəmməd Ağayev: “Ramazan bayramı müsəlmanların ən vacib bayramlarından biridir. Düzdür mənə oruc tutumaq nəsib olmayıb. Lakin oruc tutan insanları da alqışlayıram. Çünki insanın nəfsinə və orqanizmasına hakim olması qədər gözəl bir şey yoxdur. Düşünürəm ki, müsəlman olan hər bir kəs bunu vəzifə olaraq qəbul edib, həyata keçirməyi bacarmalıdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə