“Hazırda bizim qanunvericilikdə piyadaların məsuliyyətə cəlb olunması ilə bağlı müddəalar öz əksini tapır. Piyadalar nəzərdə tutulmayan yerdən keçdikdə, işıqforun tələblərinə əməl etmədikdə qəflətən yaxınlaşan maşının qarşısına çıxdıqda və operativ nəqliyyat vasitələrinə yol vermədikdə cərimələnir”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, hazırda buna görə 20 manat cərimə nəzərdə tutulur: “Daha yüksək sürətdə olan yollarda bu qaydaları pozduqda isə 40 manat məbləğində piyadalar cərimə olunurlar. Amma əksər hallarda baxırıq ki, piyada yol hadisəsinə səbəb olur. Amma piyada çox rahat şəkildə öz işinə davam edir. Bu belə olmalı deyil. Düşünürəm ki, bu məsələləri dəqiq analiz etmək, təhlilini aparmaq lazımdır. Hadisələrin səbəbkarı kimdirsə o da məsuliyyətə cəlb olunmalıdır. Düzdür, onları aşkarlamaq, tapmaq biraz çətin olur. Çünki bəzən elə yerdə hadisə baş verir ki, piyada yolu səhv yerdən keçir, sürücü tormoz verir və maşınlar toqquşur. Amma sürücülər maşından düşənə, nə baş verdiyini araşdırana qədər piyada anında yoxa çıxır. Buna görə də düşünürəm ki, mexanizmdə müəyyən dəyişikliklər, irəliləyişlər olmalıdır. Cəmiyyət bunu həzm etməyi bacarmalıdır. Piyada başa düşməlidir ki, o qəzaya səbəb olursa, maşınlara, sürücülərə, sərnişinlərə dəyən zərəri o qarşılayacaq. Bütün bunları nəzərə aldıqda piyadaların da məsuliyyətə cəlb olunması ilə bağlı tədbirlər görülməlidir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB