Ramazanda əsas Orucdur, yoxsa..? - SORĞU

Ramazanda əsas Orucdur, yoxsa..? - SORĞU

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar. Çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “ehya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.

Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, “(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. İnsanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruclarını başa vurmuşlar. İki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.

SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib:

Şəhər sakini Naibə Sultanova: “Hər il olduğu kimi bu il də Oruc tutacam. Ramazan bizim üçün çox vacib və müqəddəs bayramdır. Ramazan bayramı on bir ayın sultanı kimi də adlandırılır. Bu ayda yəni bu bayramda bütün dualar qəbul olunur, küsülülər barışır. Bu bayram bütün müsəlmanlar üçün müqəddəs bayram hesab olunur. Bu baxımdan hər kəsə Oruc tutmağı məsləhət görürəm”.

Şəhər sakini Mahmud İbadov: “Mən əzəldən bəri Oruc tutmuşam. Lakin hazırda səhhətimlə bağlı Oruc tuta bilmirəm. Ümumiyyətlə Ramazan bayramının bizim üçün çox böyük əhəmiyyəti var. Ramazan ayı ən müqəddəs ay hesab olunur. Bu baxımdan biz bu bayrama çox önəm veririk. Düşünürəm ki, bu müqəddəs ayda hər kəs Oruc tutmalıdır”.

Şəhər sakini Tatyana Aleksandrova: “Mənim bir tərəfim rus əsilli olsa da, ailəmlə birlikdə hər il Oruc tuturuq. Adət-ənənələrimizə bağlıyıq. Ramazan bayramı İslam dünyası üçün çox vacib bir bayramdır. Bu bayramda insanlar Oruc tutur, küsülülər barışır. Oruc tutmaq çox insana adi bir halmış kimi gələ bilər. Lakin bu elə deyil. Oruc tutmaqla insan bir növ nəfsinə hakim ola bilir. Oruc tutmağın insan sağlamlığına faydaları da var”.

Şəhər sakini İmran Tağıyev: “Ramazan bayramının bizim üçün əhəmiyyəti çox böyükdür. Ramazan ayı el arasında həmçinin on bir ayın sultanı da adlanır. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Təbii ki, hər il olduğu kimi bu il də Oruc tutacam”.

Şəhər sakini Müşfiqə Qasımova: “İslam dininin müqəddəs ayı kimi tanınan Ramazan ayı el arasında on bir ayın sultanı kimi də tanınır. Bildiyimiz kimi bu bayram müsəlmanlar üçün çox müqəddəs və vacib bayramlardan biridir. Bu baxımdan mən və ailəm hər il olduğu kimi bu il də Oruc tutacaq”.

Şəhər sakini Toğrul Məmmədov: “Mən hər il Oruc tuturam. Lakin son bir neçə ildir ki, səhhətimlə bağlı Oruc tuta bilmirəm. Düşünürəm ki, hər kəs Oruc tutmalı və Allaha ibadət etməlidir”.

Şəhər sakini Oruc Quliyev: “Xeyr, mən heç vaxt Oruc tutmamışam. Amma ailəmdə hər kəs Oruc tutur”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə