Qarabağda baş verən son hadisələrə cəmiyyətin reaksiyası - SORĞU

Qarabağda baş verən son hadisələrə cəmiyyətin reaksiyası - SORĞU

44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuz böyük şücaət göstərərək işğal olunmuş torpaqlarımızı işğaldan azad edib. 30 ildir ki, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması Azərbaycanın gücünü bütün dünyaya çatdırdı. Azərbaycan heç bir zaman başqasının torpaqlarına göz dikməyib. Yanlız öz haqq işini dünyaya çatdırmaq istəyirdi. Buna da nail oldu. Xocalı rayonun Fərrux kəndi artıq Azərbaycan dövlətinin nəzarətindədir. Bu bizim dövlətimizin növbəti uğurudur. SİA olaraq Fərrux kəndinin azad olunması ilə bağlı şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Nazilə Məmmədova: “Mən arzulayıram ki, bütün torpaqlarımıza Azərbaycan nəzarət etsin, yurd yerlərimizə özümüz sahiblik edək. Fərrux kəndində Azərbaycan bayrağının dalğalanmaşı qürurvericidir. O gün olsun ki, bütün ərazilərimizdə, qədim torpaqlarımızda Azərbaycan bayrağı dalğalandırılsın”.

Şəhər sakini Bayar Ağayev: “Çox gözəl hissdir. Biz bu torpaqların əsl sahibiyik. Əsrlər boyu bu torpaqlar bizim olub. Vaxt olub mənfur düşmənlərimiz tərəfindən işğal olunub. Ordumuz və Prezidentimiz sayəsində torpaqlarımız geri alındı”.

Şəhər sakini Səid Kazıkkaya: “Bu torpaqların hamızı bizim torpaqlarımızdır. Bizim vətənimizdir. Vətəndən pay olmaz. Əlbəttə ki, qürürverici bir hissdir. Biz torpaqlarımızı düşmən əlindən azad etdik”.

Şəhər sakini Nazilə Əbdürəhmanova: “Qarabağ bizimdir! Biz bütün torpaqlarımızı azad edəcəyik. Azərbaycanın güclü ordusu var. Dövlət başımızın siyasəti nəticəsində bütün dünya bizim gücümüzü gördü”.

Şəhər sakini Arif İsmayılov: “Xalqımız dövlətimizə və ordumuza güvənir. Onlar bizə Zəfəri qazandırdı. Torpaqlarımız işğaldan azad etdi. Bu yolda neçə-neçə şəhid verdik. Allah hamısına rəhmət eləsin”.

Şəhər sakini Hüsniyyə Rəhimova: “Sevinirik ki, bayrağımız işğaldan azad edilmiş torpaqlarda dalğalanır. Fərrux bizimdir! Bu torpaqda çoxlu şəhid vermişik. Allah onlara rəhmət eləsin. Onlar sayəsində biz bu günləri gördük”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə