Novruz təəssüratları - FELYETON

Novruz təəssüratları - FELYETON

Bu ilki Novruz təəssüratlarım çox zəngin və maraqlı olduğu üçün qələmi götürüb bunu sizinlə də bölüşmək istədim. Bu təəssüratları oxuyandan sonra yenə mənə gülənlər, yuxarıdan aşağı baxanlar, sözsüz məni “müasirlikdən geri qalan” hesab edənlər də olacaq, eyib etməz, mən razıyam, həm də ki, heç incimərəm. Çünki səbəblərim var. Bu internet deyilən mərəz nə qədər ki, canımızdan çıxmaq bilmir, təəssüratlarımız həmişə “zəngin” olacaq. Mərəz də deyirəm, məni qınamağa bəlkə də çox haqları olacaq çoxlarının. Ay qardaş, ay bacı nə edib ki, bu internet insanlara? İşlərini yüngülləşdirib də. Gündə qalırdıq bir-birimizin qapısında. Nədi-nədi ki, qohumuq, tanışıq, bir-birimizə gəlməli-getməli, kef-əhval tutmalıyıq. İnternet nə elədi? İnsanları bir-birindən uzaqlaşdırdı, qapıları bağladı, qonaqpərvərlərin ürəyinə dağ çəkdi, qonaq istəməyənlərin ürəyinə isə su çilədi. Telefon var da, otur evində, aç görüntülü danış nə qədər istəyirsən. Gərək durub gedib kiminsə evində saatlarla oturub camaatı narahat edəsən? Elə lap doğmaların olsun, durub Bakıdan nə bilim axı, Şəkiyə, Balakənə, Lənkərana gedincə, aç danış da telefonla, əhvallarını da soruş, bayramlarını, nə bilim, doğum günlərini də təbrik et, qurtarsın getsin. Pulun da qalsın çibində.

Mətləbdən həmişə olduğu kimi uzaqlaşmağın fərqində olmadığımı düşünməyin. Xahiş edirəm, məni anlayasınız ki, dərdli deyingən, danışqan olar. Keçim mətləbə. Qoca nənələr demişkən, iki dünya bir olsaydı da inanmazdım ki, vaxt gələcək, internetin qapılarını taybatay açıb Novruzu da oraya dəvət edəcəyik. Ancaq “Sən saydığını say, gör, fələk nə sayır” da deyiblər axı. Bəli, belə oldu ki, Novruz da onlaynlaşdı. Hələ Novruzaqədərki çərşənbələrin hər birində hərəmiz bir video düzəldib sosial şəbəkələrdə paylaşdıq. Su şəklinin üzərinə “Su çərşənbəniz mübarək!”, od şəklinin üzərinə “Od çərşənbəniz mübarək!”, Külək şəklinin üzərinə “Yel çərşənbəniz mübarək!”, torpaq şəklinin üzərinə “Torpaq çərşənbəniz mübarək!” yazıb paylaşdıq, bir-birimizlə onlayn bayramlaşdıq və işimizi də bitmiş hesab etdik. Novruz yetişdi, yenə kimin əlinə nə keçdisə, paylaşdı, bayramlaşdı. Novruz bayramımızı da beləcə mübarək etdik. Onlayın papaqatdı mərasimi də keçirdik, yumurta da döyüşdürdük, tonqal yandırdıq, amma onu deyə bilmərəm ki, oduna isindik, ya tüstüsünə kor olduq.

Bəziləri üçün gülməli olsa da, bu Novruzda bayramboyu təəssüratlarımla illər öncələrin Novruz təəssüratları məni rahat buraxmadı. Hər çərşənbədə yandırılan ocaqları xatırladım. Su çərşənbəsində sübh çağı çayda, çeşmədə su üstündən tullanılmasını, bütün ağırlığın, xəstəliklərin suya axıdılmasını, evə həmin sudan gətirilməsini, bərəkət rəmzi olaraq küncə-bucağa, həyət-bacaya səpilməsini xatırladım. Yel, Torpaq çərşənbələrində bağ-bağçada torpaq işlərinə başlanılmasını, ötən yazdan-payızdan qarın altında qalan çör-çöpün, ot-alafin bir yerə toplanılıb yandırılmasını, külün bolluq rəmzi kimi bütün bağçaya səpilməsini xatırladım. Od çərşənbəsində ən böyük tonqalların qurulmasını, bütün ailə üzvlərinin, qohum-qonşuların ocaq başına yığışmasını, deyib gülməsini, bayramlaşmasını, tonqal üzərindən tullanıb ”ağırlığım, uğurluğum odlara” deməsini xatırladım. İlaxır çərşənbə və Novruz bayramı gecələrində papaqatma mərasimlərini, bayramın səhəri günü yumurta döyüşdürməni xatırladım. O yumurtalar ki, Novruzdan Novruza yığılıb saxlanılan soğan qabıqlarında qaynadılıb qırmızı rəngə boyadılardı. Evlərdəki köhnə pal-paltarın yumru şəkildə üst-üstə sarınıb metal simlə möhkəm bağlanaraq bir ay əvvəldən neftə salınmasını, bayram günü yeniyetmə və gənclərin əllərində fırlatmalarını xatırladım. Günlərlə bütün qohum-qonşulara bayram görüşünə gedilməsini, insanların hər gün bir evdə yığışmasını yadıma saldım. Bu xatırlamalarıma sonadək böyük Şəhriyarın “Heydərbabaya salam” poemasından aşağıdakı misralar da yoldaşlıq edirdi:

Bayram idi gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Novruz təəssüratlarının illər əvvəlki müqayisəsindən isə sən demə mənə qalan sadəcə poemanın bu bəndi imiş:

Heydərbaba, Mirzəməmmədin bağçası,

Bağçaların turşaşirin alçası,

Gəlinlərin düzmələri, taxçası,

Hey düzülər gözlərimin rəfində,

Xeymə vurar xatirələr səfində...

Yəqin ki, aydındır.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə