Ramazan ayında nələrə diqqət etmək lazımdır - QMİ RƏSMİSİ DANIŞDI

Ramazan ayında nələrə diqqət etmək lazımdır - QMİ RƏSMİSİ DANIŞDI

“Bildiyimiz kimi, qarşıdan müqəddəs Ramazan ayı gəlir. Ramazan ayının daxil olması isə müəyyən bir formada təyin olunur”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Ramazan hilalının görünməsi, yəni təzə ayın əlamətləri dəqiqləşdirilirsə, bu zaman sabah Ramazan ayının 1-i kimi qəbul olunur: “Qafqaz müsəlmanları idarəsinin, akademiyanın Pirqulu rəsədxanasına göndərdiyi sorğuya əsasən, alimlərimizin bizə verdiyi hesabat əsasında biz gözləyirik ki, aprel ayının 2-si Ramazan ayının 1-i daxil olacaq. Ümidvarıq ki, bu il Ramazan ayını pandemiya şəraitində keçirmirik, artıq ibadətlərə, mərasimlərə tam icazə var. Məscidlərdə məhdudiyyət yoxdur. İnsanlar artıq ibadətlərini rahat edə biləcəklər. Ramazan ayı daxil olacağı ərəfədə insanlar niyyət edirlər və bir ay müddətinə Ramazan ayı başlayır.

Oruc tutmaq sağlam insanlara aiddir. Mədə xəstələri, güclü şəkər xəstələri, yaşlı insanlar hansı ki, onlar qidalanmasa taqətdən düşər, halları pisləşər, eyni zamanda hamilə qadınlar, süd verən analar və əlavə olaraq ciddi xəstəlikləri olan insanlar da güzəştlidirlər. Eyni zamanda, Ramazan ayında bacardığı qədər səfərə çıxmamalıdır. Lakin elə adam var ki, onların həyat tərzi sırf səfərlə əlaqədardır. Məsələn, sürücü işləyir, daimi olaraq rayonlara gedib-gəlir. Bu insanlar sağlamdırlarsa, oruc tuta bilərlər. Lakin istisna səfəri olan adam başqa bir zamana təxirə salsa, çox gözəl olar. Ramazan özü bir aydan ibarətdir. Gün açılandan hava qaralana qədər insan yemək və içməkdən, eyni zamanda bəzi orucun tələblərindən özünü qorumalıdır.

Ramazan ayında ən böyük dəyər mənəviyyatın, əxlaqın formalaşmasıdır. İnsan duaları çox edib, ibadətləri icra etməlidir. O, özünün səhvləri, günahlarını yadına salır.

Ramazan ayının gözəlliklərindən biri də odur ki, bu ay paylaşma ayıdır. Kimin imkanı varsa, öz maddi imkanları hesabına imkansızlara kömək etməlidir. Öz iftarı üçün əldə etdiyini möhtac olan qocalar və imkansızlarla paylaşmalıdır. Bundan əlavə imkanı olanlar iftar süfrələri açmalıdır. Müəyyən insanlara gücü çatan qədər yardımlar edilməlidir. Xüsusilə də, Ramazan bayramına çatdıqda insanlara kömək etmək xüsusilə vacibdir. Bu zaman bayram axşamı hər bir ailə başçısı ailə üzvlərinin sayı qədər fitrə sədəqəsi çıxarır. Bu, çox vacib bir amildir. Buna elmi dildə fitrə zəkatı deyirlər. Hər bir insan bunu mütləq yerinə yetirməlidir. İmkanı olan insanlar hər bir ailədə olan adamın sayına uyğun olaraq 3 kq ərzaq və yaxud onun maddi qarşılığını verməlidir. İlk öncə öz yaxınlarından başlamalı, yəni yaxınlarındakı yoxsul ailələrə kömək etməlidir. Bayram günü səhər bunlar verilməlidir. Qonşularında, yaxınlarında olan tanıdığı bir yoxsul ailə varsa onları da unutmamalıdır. Bütün bunları bayram namazına qədər etmək daha məqsədəuyğundur. Allah tutduğumuz orucların, etdiyimiz ibadətlərin hamısını, oruc namazlarımızı qəbul etsin. Allah Vətənimizi, dövlətimizi daha da güclü etsin”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə