“Tam bir əsr əvvəl Atatürk Novruzun bayram edilməsinin göstərişini vermişdi, “Dövlətləri dövlət, millətləri millət edən dəyərlər vardır ki, bunlardan biri Türk dünyasında yazın gəlişini göstərən Novruz bayramıdır” deyə”. Bu sözləri Ankara Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok adıkeçən bələdiyyə və Ankara Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ankarada keçirilən Novruz tədbirində söyləyib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Tədbir iştirakçısı, azərbaycanlı jurnalist Sevil Hilalqızı Ünalın yazdığına görə, Keçiörən rayon bələdiyyə sədri Türkiyə cümhuriyyətinin qurucusu Atatürkü ehtiramla yad edərək deyib: “Türkiyə Respublikası yaranmazdan əvvəl - hələ 1922-ci ildə Qazi Mustafa Kamal Ankara Universitetinin Kənd Təsərrüatı (Ziraat) fakültəsindəki çıxışında Novruzun keçirilməsilə bağlı göstəriş verib”.
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar da sözügedən mövzu ilə bağlı bildirib: “Tam bir əsr öncə Atatürkün Novruzun türklük bayramı olaraq təntənə ilə qeyd edilməsi və onu təkrar yaşatmaq üçün səylərindən qürur duyuruq.
Novruz həyatın yenidən canlanmasıdır. İraqda, Suriyada, Gürcüstanda və ən son Ukraynada yaşanan hadisələr bəşəriyyətin Novruzun ruhuna nə qədər ehtiyac olduğunu bir daha ortaya qoydu.
Günlərdir Türkiyə Ukraynada tökülən qanlara son qoyulması üçün bütün cəhdlərini əsirgəmir və inşaallah, baharın gəlişi ilə bu müharibə də bitər”.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov son illər türk ölkələrinin birlik və bərabərlik fəaliyyətlərindən danışıb.
Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, millət vəkili Sadir Durmaz, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Özbəkistan, Qazaxıstan, Qırğızstan, Tacikstan, Türkmənistan, Əfqanıstan, Bosniya və Hersoqovina, Kosova, Şimali Kipr, Şimali Makedoniya, Moldovanın Türkiyədəki səfirlik və diplomatik nümayəndələri də çıxışlarında min illər əvvəl türklərin Egey dənizindən Çin səddinə və Altay dağlarınadək uzanan Novruz ənənələrindən, bu bayramın qədim köklərindən bəhs ediblər.
Çıxışlardan sonra müxtəlif xalqların milli rəqsləri nümayiş etdirilib, mahnıları səslənib, Novruz ritualları icra olunub və ankaralılar tədbirdəki iştirakçı ölkələrin çadırlarında Novruz bayramı süfrəsi və ənənələri ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB