Müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlət kimi dünya xəritəsində özünəməxsus yeri alan ölkəmizin regional sabitlik və inkişaf amilinə çevrilməsi beynəlxalq arenada diqqət mərkəzindədir. Dünyanın bir çox aparıcı şirkətləri ölkəmizin sosial-iqtisadi sahəsində, o cümlədən yeni enerji obyektlərinin inşa edilməsində Azərbaycanla əməkdaşlıq etməyə çox maraqlıdırlar. Ölkəmizin bütövlükdə günəşli, Xəzərsahili ərazilərinin, dağlıq bölgələrinin küləkli olması, bolsulu çaylarımız diyarımızı bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensialına şərait yaradıb.
“Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır”. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub və olacaqdır.
“Yaşıl enerji”nin Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrildiyi bir vaxtda Xızı-Abşeron və Qaradağ ərazilərində ilk nəhəng layihələrin həyata keçirilməsinə start verildi. Bu il martın 15-də Gülüstan sarayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyanın təməlqoyma mərasimi keçirildi. İki ay əvvəl isə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin tikdiyi “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməli qoyuldu.
Dövlət rəhbəri cənab İlham Əliyev Qaradağ Günəş-Elektrik Stansiyasının təməlqoymasında məhz bunu vurğulayaraq deyib:”Bildirməliyəm ki, bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək-elektrik stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş-elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq, başlanğıc hissəsidir. Çünki bərpa olunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük”.
Martın 15-də Gülüsan sarayında təməli qoyulan Qaradağ Günəş-Elektrik Stansiyası 230 meqavat gücündə olacaq. Bu stansiya da öz növbəsində həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, həm də ixrac imkanlarını genişləndirəcək.
Xatırladaq ki, “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu istiqamətdə inamlı addımlar atılır.
Ramil Orucov,
YAP Gəncə təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB