Bir neçə gün tutqun hava müşahidə olacaq - XİDMƏT RƏİSİ AÇIQLADI

Bir neçə gün tutqun hava müşahidə olacaq - XİDMƏT RƏİSİ AÇIQLADI

"Bu ilin mart ayı sabit hava şəraiti ilə fərqləndi. Baxmayaraq ki, ay hələ bitməyib bəzi ərazilərdə düşən yağıntının miqdarı aylıq normadan çox olub". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, rayonlarda, xüsusilə də Balakəndə 145%, İmişli, Beyləqanda normanın 120%, Lənkəran və Astara bölgələrində 178% miqdarında yağıntı düşüb: "Belə bir tendensiya yaxın günlərdə də davam edəcək. Bayram günlərində də hava şəraitinin qeyri-sabit olacağı gözlənilir".

Umayra Tağıyeva sözlərinə davam edərək belə qeyd edib: "Yağıntıların intensivliyi bir qədər zəifləsə də, ayın 20-si və 21-də də fasilələrlə azyağıntılı keçməsi proqnozlaşdırılır. Ayın 19-u axşam saatlarından başlayaraq küləyin sürətinin bir qədər artacağı gözlənilir. Ayın 20-si gün ərzində şimal-qərb küləyinin maksimal sürəti saniyədə 23 metrə, hətta bəzi yerlərdə saniyədə 28 metrədək güclənməsi proqnozlaşdırılır. Normadan aşağı temperatur rejimi davam edəcək. Maksimal temperatur paytaxtda 6-8 dərəcə arası olacaq. Regionlarımızda yağıntılar bol olması, əslində, çaylarda, göllərdə suyun artması üçün yaxşı göstəricidir. Ayın 22-si və 23-də yağıntılarda qısa bir fasilə olsa da, daha sonrakı günlərdə də tutqun hava müşahidə olacaq".

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə