Narkomaniyaya qarşı mübarizəyə dair tədbir keçirilib

Narkomaniyaya qarşı mübarizəyə dair tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi (İB) tərəfindən “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Abşeron rayonunda tədbir keçirilib.

İctimai Birlikdən bildiriblər ki, Abşeron Rayon Təhsil İdarəsində keçirilən tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (NMDK) məsul işçisi Vasif Quliyev, Abşeron Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Şükufə Məmmədova, rayon təhsil idarəsinin metodist-psixoloqu İstək Bəxtiyarova və layihə rəhbəri Vidadi Fətullayev Azərbaycanda gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam inkişafı sahəsində dövlət rəhbərliyinin qayğısı, müvafiq dövlət qurumları tərəfindən atılan addımlar və görüləcək işlər barədə iştirakçıları məlumatlandırıblar. Tədbirdə narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə kəskin mübarizə və geniş maarifləndirmə işlərinin aparıldığı bildirilib, dövlət və ictimai qurumlarla yanaşı, ictimaiyyətin də bu sahədə fəal olmasının vacibliyi vurğulanıb. Görüşdə NMDK-in məsul işçisi Vasif Quliyev rayon məktəblərini təmsil edən müəllim və psixoloqlara slaydlarla izahatlı məlumatlar verib və təlim keçib.

Geniş diskussiya şəklində davam edən tədbirdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə gəncliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən iştirakçılar bütün sahələrdə yüksək inkişaf göstəriciləri olan cəmiyyətimizdə az da olsa yer alan mənfi hallara qarşı mübarizənin daha da artırılmasının tərəfdarı olduqlarını bildiriblər. Tədbirin sonunda fəal iştirakçılara sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə