Əməkhaqlarında baş verən ardıcıl artımlar nəyi şərtləndirir? - QURUM RƏSMİSİ AÇIQLADI
"Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır və bunun nəticəsidir ki, sosial sahədə islahatlar geniş miqyas alıb və əhalinin sosial müdaafiəssinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Xüsusilə son illərdə bu islahatlar inqilabi xarakter daşıyıb. Məsələn, hələ 2019-cu ildə sosial sahədə genişmiqyaslı islahatlar həyata keçirilməklə əməkhaqları və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə isə daha çox artdı". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, əməkhaqqında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı: "Habelə 2021-ci ilin əvvəlindən şəhid ailələrinin, müharibə əlillərinin təqaüdləri orta hesabla 60 faiz artırıldı, yeni təqaüd növləri təsis olundu. 2022-ci ilin əvvəlindən də yeni sosial islahata paketi kimi, əmək haqqı, pensiya və s. sosial ödənişlər növbəti dəfə artırılıb. 3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün illik əlavə olaraq 2,1 mlrd. manat ayrılıb. Ümumilikdə, son 4 ildə minimum pensiya məbləği 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata, minimum əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Həmçinin 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq pensiyada orta hesabla 65 faiz, orta aylıq əmək haqqında 35 faiz, median əmək haqqında 74 faiz artım qeydə alınıb.
Fazil Talıbov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, son dörd ilə nəzər salsaq görərik ki, bu dövrdə ölkə əhalisinin böyük bir hissəsini əhatə edən üç əsas sosial islahat paketi icra olunub: "Bu paketlər üçün illik ayrılan əlavə vəsait 6 milyard manata çatıb. 2018-2021-ci illərdə ölkəmizdə məşğulluq imkanlarının artırılması, eləcə də qeyri-leqal məşğulluğun qarşısının alınması üçün aparılan kompleks işlər, eyni zamanda minimum əməkhaqqında artım və s. nəticəsində əmək müqavilələrinin sayında da 30 faiz və ya 400 minə yaxın artım baş verib. Qeyd olunan artımlar əməkhaqqı fondunda da həmin dövrdə 2 dəfəyə yaxın artımı təmin edib. 2022-ci ilin yanvar-fevral aylarında da Azərbaycanda əmək haqqı fondu 8,4 faiz artıb. Bütün bu proseslər vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişləri özündə ifadə edir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB