30 ildi baharsızdı Qarabağ. Gəlirdi bahar, lakin Qarabağ onu görüb qaş-qabağını tökürdü, qara bəxtindən, qara taleyindən danışırdı. 30 ilinin acısı, ağrısı, göz yaşı, həsrəti, hicranı baharı qaçaq edirdi bu yerlərdən. Gəlirdi bahar, gəldiyinə də peşman olub çıxıb gedirdi. Qarabağın bağrına min bir adda gülü, çiçəyi ilə məlhəm ola bilmirdi. Qəlbdə nisgil vardı-bir qərinəlik nisgil. Yapışmışdı Qarabağın ürəyinə, xərçəng kimi xaşələnib dolaşmışdı köksünə. Bu qədər nisgilin qarşısında bahar nə edə bilərdi? Qarayaylıq Qarabağın başına allı-güllü şalını sala bilərdimi? Ağacının tumurcuğunu çiçəyə çevirməyə gücü çata bilərdimi? Gücü çatardımı torpağından bircə gülü, çiçəyi göyərdib günəşə boylandıra? Qarabağın gözlərindən nisgili, üzündən kədəri silə, əynindən siyah donunu çıxara bilərdimi? Buna kimin, nəyin gücü çatmışdı ki, baharın da gücü çata.
Qarabağ yasdaydı, matəmdə, ələmdəydi. Özünün özüylə əhdi-peymanı vardı: nə qədər ki, köksünə yad addımlar dəyir, üzü gülməyəcəkdi, saçına sığal çəkməyəcəkdi, qara bağlayıb yas tutacaqdı. Nəyinə lazımdı ki, bahar? Nəyinə lazımdı Novruz, nəyinə lazımdı bayram? Nə yanında yurrddaşı vardı, nə bir qıfılsız qapı, nə bir evdən işıq gəlirdi, nə bir həyətdə hənirti vardı. 30 ildi sükut çökmüşdü üstünə. Nə qədər hayqırırdısa, nə qədər ah-nalə edirdisə, bu sükutu yara bilmirdi. Dörd bir yanı bomboş, göz baxdıqca uzanan ərazilər, dağıdılmış, viran edilmiş evlər, ot basmış, yolu, cığırı itmiş evlər idi. Hanı o tanış üzlər, haradadır? Hanı o tanış əllər, torpağın bağrını yaran, altını üstünə çevirən, tərini zər edib yerə ələyən insanlar, haradadılar? Axı torpaq sükutu sevmir, insanların onun bağrını yarmalarını, bel, kərənti toxunuşlarını, köksünə toxum səpilməsini, bar verməsini sevir.
Axı torpaq altında uyutduğu bu ulu yurdun qocamanlarının davamçılarının addım səslərini duymaq istəyir. Haradaydı onlar? Haradaydı bu ellərə yaraşıq, səsi-küyü asimana qalxan uşaqlar? Haradaydı ağac əkib kölgəsində əyləşən, ocağa, yurda yaraşıq ağsaqqallar, ağbirçəklər? Haradaydı Qarabağın at üstündə igidləri, yaşmaqlı qız-gəlini?..
Bu dağlar təşnəydi qoyun-quzu mələşməsinə, haradaydı onlar? Haradaydı axşamçağı mal-heyvanın otlaqlardan dönərkən süd dolu döşlərinin ağırlığından özlərini çəkib gətirə bilmədikləri o gözəl mənzərə? Haradaydı təndirlərdə bişən çörəyin havaya hopan ətri? Haradaydı Novruzqabağı çərşənbələrin hər birini toy-bayram edən insanlar, cavanların dağ başında çatdıqları, şöləsi ərşə qalxan Novruz tonqalları? Qarabağın bu dərdinə, ələminə bahar məlhəm ola biləcəkdimi? Xeyr, ola bilməzdi.
Bu səbəbdən Qarabağ bahar istəmirdi. Könlünün bir an da olsa açılmasını istəmirdi. O, qış ömrünü yaza çevirənləri gözləyirdi. Onlar gələcəkdilər. Mütləq gələcəkdilər. Yurdlarını, torpaqlarını bir-bir azad etməyə gələcəkdilər. Başına qara şalını salıb yollara dikilən qan yaşlı gözlərlə, həsrətli baxışlarla, içinin təşnəsi olan kökslərlə Qarabağ o günü gözləyirdi. Gözləyirdi ki, igidləri gəlsinlər, onu yağıdan alsınlar. Dağlarının, çəmənlərinin rəngindən rəng alan o müqəddəs bayrağı sinəsinə taxsınlar. Qarabağ insanını istəyirdi. Səsinə həsrətdi illərdi. Qapılardan qıfılları açanı, yollardan, cığırlardan otu-avarı təmizləyəni istəyirdi. Bu sökük, viran evləri səmtindən tanıyanları istəyirdi. Onun ömrünə baharı tək bunlar gətirə bilərdi.
2020-nin payızıydı. Qarabağ artıq qışdaydı. Sazaq ilməli şalını çiyninə salıb ümidsizcəsinə qışa doğru gedir, “Bu il də belə ötür”,- deyirdi. Lakin xəbərsizdi ki, bu xalq, onun rəhbəri ötən illərin heç birində bircə an da durmayıb. Onun xilası üçün gecə-gündüz nə lazımsa eləyib. Sülhlə onu geri almaq istəyib. 1990-cı illərdə uğrunda şəhid olanlar kimi şəhidi olmasını istəməyib bu dövlət. Lakin səsinə səs verməyənləri görəndə müharibədən başqa yolu da görmədi. Torpaq namus, torpaq ardır, düşməndə qalmayacaqdı ki... Böyük sərkərdənin çağırışıyla ordu ayağa qalxdı, sənə doğru yollandı, Qarabağ. Oğulların bir andaca qartal kimi şığıdılar düşmənin üzərinə. Çıxardılar əli qanlı, gözü ac, başqasının hesabına adam olanları ellərindən.
30 illik sükutunda bir simfoniya səsləndi:qəhrəmanlıq, igidlik, mübarizlik, həmrəylik simfoniyası. Darmadağın etdi sükutunu bu simfoniya. Dalğalandı dalğa-dalğa ellərində, igidlərin nərildədikcə, irəliyə getdikcə bu dalğalar sevdiyin bayrağının dalğasına çevrilib hər gün bir elində, yurdunda ucaldı, dalğalandı. 90-larda itirdiyin övladlarının övladlarıydı onlar. Şəhid oğlu-igidlərdi. Hamısı gənc: biri nişanlı, biri sözlü, birinin toyu dünən olmuşdu, birininki sabahdı. Biri dünən ata olmuşdu, biri xəbərsizdi ata olacağından. Onlar üçün bütün sevgilərdən öndə səndin. Səni deyib gəlmişdilər Qarabağa. Onsuz “nə namus, nə qeyrət, nə övlad, nə toy-düyün”, - deyirdilər.
Düşmənə qan uddurdu oğulların. 30 illik acılarını köksündən alıb yağıya verdilər. Başındakı qara şalla boğub onları, öldürdülər. Üzündəki həsrət, kədəri qoparıb əbədilik düşmənə verdilər. 44 günlük payıza baharı gətirib bir qərinəlik qışı qəddarlara sovqat etdilər. Addımları yaralarına məlhəm oldu. Otuz ildə qanı axan yaraların qaysaqlandı.
Ana oldun əsgərinə. Aldın qoynuna onları, payızının xəzəlini yastıq etdin başlarının altına. Amma çox sayda da övladların yaralandı, şəhid oldu. Laylay dedin balalarına, anasına yetişməmiş ana oldun şəhidinə, basıb onu köksünə göz yaşını leysan etdin.
Axı belə olmasaydı, ömrünə bir daha gəlməzdi ki, bahar. Axan qanlar qara bağrını al etməzdi belə olmasaydı. Oğul torpağın payıdır, pay oldular hər bir qarış torpağın üçün. Olmasaydılar, xilaskarın olardımı? Nə yaxşı ki, bu Vətəndə bu cür gənclər yetişmişdi ötən illərdə. Xilaskarın oldular. Ömrünün 30 il sonra yazı, baharı oldular. Zəfərin, qələbən oldular. Toysuz, nişansız, övladsız bu dünyadan köçdülər. Cənnətdə ata olan oldu. Dünyaya körpələr gəldi, ilk gündən şəhid övladı...
Payızına gələn baharın üzünə güldün, onunla əl-ələ verib qarşıdakı qışı qamçılayıb birbaşa bahara getdin, Novruza getdin. Bahara ötən il qoynunu açdın. Soyundun qara donunu, allı-güllü libas geyindin. İzn verdin ağacların çiçək açsın, xarıbülbül başını çiynindən qaldırsın.Tonqallara izn verdin, çatıldı sinəndə. Bizdə adətdir ki, yaslı evlərin həyətində tonqal qalanmaz, qonum-qonşu gələr, tonqalı çatar. Ötən il şəhidlərimiz vardı, qara bayramları vardı Novruzda, ürəyimizcə tonqal çata bilmədik.
Budur, Novruz qapının astanasındadır. Onsuz da çərşənbələrdə çatılıb ocaqların, bayram gecəsi də alovlandıqca gözümüzdən sevinc yaşları axaçaq. Bu tonqalların qoru düşmənin gözünü kor edəcək. İstisi onlara zülm, işgəncə olduqca, torpaqlarımız üçün bar-bərəkətə, ruziyə çevriləcək. Hələ bu nədir ki... Qoy vuranəliklərin abadlaşsın, qoy 30 ildə dağıdılanlar yerinə gətirilsin, yurddaşların sənə qayıdacaq, hər həyətdə tonqallar çatılacaq. Bax onda düşmən uduzduğunu ikinci dəfə dərk edəcək. Əzəli torpağın əbədi olduğunu anlayacaq. Qoy tonqalların gur yansın, Qarabağ. Sənə gələn bahar, Novruz mübarək olsun!
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB