Yurdumuzda milli-mənəvi birlik bayramı Novruzun ab-havası yaşanır

Yurdumuzda milli-mənəvi birlik bayramı Novruzun ab-havası yaşanır

Müstəqil ölkəmizin hərbir bölgəsində, şəhər, kənd və qəsəbəsində milli varlığımızın simvolu, milli-mənəvi birlik bayramı Novruzun ab-havası yaşanır. İşğaldan azad edilmiş torpaqlarımızda Novruz tonqalları alovlandırılır. Qarabağda, düşmən işğalı altında qalan torpaqlarda, Şuşada Cıdır düzündə bayram tonqalının alovlandırılmasını xalqımız 30 ilə yaxın müddət ərzində səbirsizlikə gözləmişdi. Ötən il Şuşada Cıdır düzündə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin alovlandırdığı bayram tonqalı Azərbaycan xalqının birliyinin, misilsiz Qələbəsinin, qarşıya qoyduğu strateji hədəflərə nail olunmasının bir daha təsdiqi oldu.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi, Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınması Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisə kimi yadda qaldı.

“Novruz bayramı bizim milli bayramımız, milli sərvətimizdir” deyən Prezident cənab İlham Əliyev Novruz bayramının milli dövlətçilik ənənələri ilə bağlılığına həmişə böyük əhəmiyyət verib, adət-ənənələrimizin milli ruhda zənginləşdirilməsini, xüsusən gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynamasını diqqətdə saxlayıb.
21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında deyib: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Əsrlərboyu bu gözəl bayramı qeyd edən Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalı, habelə xəstə insanlar ziyarət edilməlidir. Minilliklərin süzgəcindən süzülüb günümüzə qədər gəlib çatan bu dəyərlər içərisində ağsaqqala, ağbirçəyə hörmət, onlara qayğı və ehtiram cəmiyyətimiz üçün olduqca vacib sayılır.

Yurdumuza zəngin tariximizi, rəngarəng folklorumuzu özündə ehtiva edənNovruz bayramı gəlir, bahar gəlir, yaz gəlir. Bayramınız mübarək!

Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə