Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir - SORĞU
Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Torpaq çərşənbəsinə əksər hallarda ilin, ayın axır çərşənbəsi də deyilir. Sonuncu çərşənbə əvvəlki üç çərşənbəyə nisbətən daha təmtəraqlı keçirilir. Müxtəlif ayinlər icra olunur. Hamı təzə geyinir, başa, ələ, ayağa xına yaxırlar. Yelləncəkdə yellənir, su falına baxır, qapı pusurlar. Axırıncı çərşənbədə cavanlar səhərdən axşamacan halay oyunu oynarlar. Yelləncəkdə yellənən qızlar istədikləri oğlanın adını ağaca yazar, bir-birini yelləndirərlər. Kimin başı yazılı ağaca dəysə, niyyəti yerinə yetər. Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir. Küsülülər barışar, hamı xoş sözlər deyər, bir-birinin könlünü alar. Bəs görək şəhər sakinləri çərşənbələr haqqında nə düşünürlər. SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirdib:

Şəhər sakini Tahirə Bağırova: "Novruz mənim ən sevdiyim bayramdır. Bİr gəncəli olaraq bölgəmizə məxsus paxlava, şorqoğal bişirirəm. Bayramda nəvələrim üçün yumurta boyayıram. Qohum-əqrəba yığışırıq. Onlar üçün bayram aşı, yarpaq dolması bişirirəm. Həmçinin, bayramda dərindən təmizlik işləri görürük. Belə bir deyim də var ki, kirli evə il dönməz".

Şəhər sakini Orxan Göytürk: "Hər bir azərbaycanlı kimi biz də bayramda səməni cücərtmək, Novruza məxsus şirniyyatlar bişirmək kimi adətlər yerinə yetiririk. Adətən bayramı böyüklərlə bir yerdə qeyd edirik. Həm də uşaqları parka, əyləncə mərkəzinə aparırıq ki, onlar da bayram əhval-ruhiyyəsində olsunlar, övladlarımıza bu bayramın əhəmiyyətini başa salmağa çalışırıq. Öz böyüklərimizdən necə görmüşüksə, o adət-ənənələri davam etdiririk".

Şəhər sakini Leyla Ağazadə: "Bacardığımız qədər bütün bayram adət-ənənələrini yerinə yetirməyə çalışırıq. Valideynlərimiz hər zaman bizə Qarabağda bayramı necə keçirdiklərini nağıl edirdilər. Düşünürəm ki, adət-ənənələrimiz tam olaraq qorunub saxlanmır. Çünki insanlarda əvvəlki bayram əhval-ruhiyyəsi yoxdur".
Şəhər sakini Baxış Niftullayev: "Mən özüm şəhərliyəm. Bina evində yaşasam da ailəmi ziyarət edirəm. Onlarla bir yerdə tonqal qalayırıq, ətrafında toplaşırıq. Lakin artıq əvvəlki kimi papaq atmaq adəti yerinə yetirilmir. Çünki əvvəl olduğu kimi qonşuluq münasibətləri də yoxdur".

Şəhər sakini Sevgül Qurbanova: "İlk öncə bu bahar bayramında bütün azərbaycanlılara baharlı günlər arzu edirəm. Bizim milli adət-ənənəmizdə xeyir-dua vermək, bir-birimizə könlümüzü, həmçinin qapılarımızı açmaq kimi gözəl şeylər var. Bir-birimizə hörmət etmək, təbrik sözləri söyləmək elə ən gözəl bayram ənənəsidir. Əvvəl sadəcə Novruz bayramında bişirilən təamları indi adi günlərdə də süfrədə görmək mümkündür. Doğrudur, adət-ənənələrimiz hələ də saxlanılsa da, lakin ölkəmiz inkişaf etdikcə dəyişikliklərə məruz qaldığının şahidi oluruq".

Şəhər sakini Nizami Aslanov: "Əvvəllər kənddə qapıya papaq atmaq, bütün uğursuzluqlarımızı bu ildə qoyacağımızı düşünərək tonqaldan tullanmaq, bayram şamları yandırmaq kimi adət-ənənələr yerinə yetirirdik. Sovet dövründə bu bayramın qeyd edilməsi elə də xoş qarşılanmırdı. Amma sonradan Novruz bayramı rəsmi dövlət səviyyəsinə çatdı. Bu bizim milli bayramımızdır. Nə qədər ki Azərbaycan xalqı mövcuddur, bu bayram da hər zaman qeyd olunacaq".

Şəhər sakini Rövşən Hüseynov: "Çərşənbələri ailəmizlə, övladlarım və nəvələrimlə bir yerdə qeyd edirik. Nəvələrimiz üçün tonqal qalayır, yumurta boyayırıq. Həyat yoldaşımla birgə onlar üçün bayram süfrəsi açırıq. Qonşular qapımıza papaq atırlar, əlimizdən gəldiyi qədər bişiriləndən pay veririk. Mümkün olduğu qədər adət-ənənələrimizi unutmamağa, unutdurmamağa çalışırıq".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB