Novruz bayramının bilmədiyimiz adətləri nələrdir? - SORĞU-MARAQLI FAKTLAR
Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.
İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel, Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. “Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışlar. Torpaq çərşənbəsi ərzin donunu dəyişir, adamlar qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Torpaq çərşənbəsi özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla insanları maddi nemətlər bolluğu ilə təmin edib, acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi və həyatvericilik gücü ondadır ki, digər yaradılmışlar da torpaqdan dirilik tapıb, inkişaf edir. Bitkilərin bitib-cücərməsi timsalında digər canlılar aləminin torpağın bəxşedici gücü ilə yaranıb formalaşdığını əks etdirir. Torpaq maddi varlıq olaraq bitkiləri və insanların yaşayıb inkişaf tapmasına, fəaliyyətinə şərait yaradır.
Mövzu ilə bağlı SİA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın fikirlərini öyrənib: "Novruz bayramında süfrəyə əsasən 7 növ nemət qoyulmalıdır. Bunun səbəbi 7 rəqəminin bizim üçün müqəddəs olmağından irəli gəlir. Bu nemətlərə şəkərbura, paxlava, qoğal, və digər şirniyyatlar, meyvə quruları, ləpələr aiddir. Bəzən deyirlər ki, süfrəyə 7 dənə "S" hərfi ilə başlayan nemət qoyulmalıdır. Lakin bu adət azərbaycanlılara aid deyil. Novruz süfrəsinə qətiyyən acı heçnə qoyulmur. Novruz süfrəsinə şirin və ləziz nemətlər qoyulur. Paxlava yaradılış rəmzidir. Qadın göbəyini xatırladır. Şəkərbura ay, qoğal isə günəşin simvoludur. Bunların hamısı bizə tanrıçılıq dinindən qalma mirasdır. Bundan əlavə bizim bir sıra adət-ənənələrimiz var. Torpaq çərşənbəsində tonqal qurulur, fallara baxılır, papaq atılır. Əslində keçmişdə papaq atılmırdı. Oğlanlar torba, qızlar isə şal atırdılar".
Bəzi bölgələrimizdə Novruz bayramı təntənəli şəkildə keçirilir. Əsasən Qarabağ, Naxçıvan və digər bölgələrimiz Novruz bayramını böyük təntənə ilə keçirirlər".
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova SİA-ya bildirib ki, Azərbaycan tapılmış numizmatik tapıntılara əsasən 5-7-ci əsrlərə aid Sasani sikkələrində ay və ulduz simvolları Novruz bayramında bişirilən şirniyyatları özündə ehtiva edir: "Azərbaycan ərazisində tapılmış Sasani sikkələrinin numizmatik tətbiqi zamanı onların üzərində olan atəşgah Novruzun əsas rəmzi olan odu ifadə edir. Aypara və ulduz isə müəyyən qədər Novruz simgələrini özündə ehtiva edirlər. Belə pullar Bakı, Bərdə, Naxçıvan, Gilan və Dərbənddə zərb edilib. Bildiyimiz kimi sasanilərin dövründə istehsal edilən pulların üzərində Şahənşahın təsviri və pəhləvi yazıları, arxa tərəfində isə atəşgahı qoruyan xeyr və şər allahlarını təsvir edən iki mühafizəçi zərb edilib".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə