Torpaq çərşənbəsində bu qaydalara ƏMƏL EDİLMƏLİDİR - DİQQƏT! - SORĞU
Martın 15-i Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır. Torpaq çərşənbəsində daha çox şənliklər və oyunlar keçirilir. Xüsusən küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq fallarına çıxılır. Yazın gəlişi ilə əlaqədar ilaxır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, insanlar odun üstündən hoppanırlar. Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir. Bütün evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğalı hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurtalar qoyulur. Süfrədə yeddi növ yemək - nemət olur. Bəs xalqımız ilaxır çərşənbəsini necə keçirdir? Torpaq çərşənbəsi ilə bağlı bilmədiyimiz hansı adət-ənənələr var? Bütün suallara cavab almaq üçün SİA mövzu ilə əlaqədar olaraq şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini elmira Hüseynova: “Mən özüm Göyçay rayonundanam. Hər il Novruz bayramında biz öz rayonumuza gedib öncə evimizi təmziləyib daha sonra şirniyyat bişiririk. Bunlarla yanaşı xonça qururuq, yumurtalar bəzəyirik. Uşaqlar üçün tonqallar qalayırıq. Həmçinin axrıncı çərşənbədə müəyyən fallara baxılır. Rayonda qonşuluqda olan gəlin, qızlarımız fala baxırlar. Bir sözlə, sanki bu bayramda bütün təbiət və insanlarda canlanma hadisəsi baş verir”.
Şəhər sakini Ruhiyyə Əsgərova: “Torpaq çərşənbəsi bizim ən axırıncı çərşənbəmizdir. Bütün xalqımızı bayram və çərşənbə münasibəti ilə təbrik edirəm. Biz hər il bayramda qohumlarımızla görüşürük. Bayram günü də bütün ailəmiz bir arada olur. Maraqlı söhbətlər və oyunlar oynayırıq. Bütün dünyaya müharibəsiz, savaşsız bir il arzulayıram. Çərşənbələrimiz daima uğurlu olsun. Bütün ailələr ürəkləri istədikləri kimi bayram keçirsinlər”.

Şəhər sakini Əhliman Abdullayev: “Mən bütün xalqımızı ilaxır çərşənbə və Novruz bayramı münasibət ilə təbrik edirəm. Rəbbim bütün insanlarımızı qorusun. Mən bayram günlərində nəvələrimi başıma yığıb onlara tonqal qalayıram. Uşaq olduqları üçün bütün adət-ənənələrimizi maraqla qarşılayırlar. Onun üçün bütün qaydaları onlara əyanı şəkildə göstərmək üçün hər bir şeyi özüm edirəm. Allah bütün balalarımızı qorusun".
Şəhər sakini Dağlar Quliyev: “Hər bir bölgə özünəməxsus Novruz bayramını qarşılayır. Mən Qərbi Azərbaycanlıyam, bizim bölgədə hər çərşənbə özünəməxsus şəkildə qeyd olunur. Hər çərşənbədə torba atılır, tonqal qalanır, böyüklərlə görüşə gedilərdi. Çünki bu bayram bizim xalqımıza aiddir. Təbiətimizdə də bu bayramın gəlişi hiss olunur. Torpaq canlanır, çiçəklər açır və s. Bayram münasibəti ilə də bütün həmvətənlilərimizi təbrik edirəm”.

Şəhər sakini Kamil Haqverdiyev: “Məncə bayramlar və çərşənbələr əvvəl daha gözəl formada keçirilirdi. Hamıda bayram əhval-ruhiyyəsi hiss olunur. Lakin indi sanki hamı sönüb. Bunun təbii ki, bir çox səbələri var. Amma biz uşaq olanda bayramla bağlı nə qədər adət-ənənələrimiz varsa hamısı bir-bir həyata keçirilirdi. O zamanlar hamı bu günləri səbirsizliklə gözləyirdi”.

Şəhər sakini Rauf Abuşov: “Mənim içimdə bayrama qarşı olan sevgi uşaq vaxtı necə idisə, indi də eyni şəkildə davam edir. Misal olaarq sabah üçün tonqalın taxtalarını artıq indidən yığmışam. Sabah da həmin taxtalardan tonqal qalayacağam. Demək olar ki, elə hər il məhləmizdə mənimlə bərabər bir neçə dostumda kömək edir, tonqalı qururuq. Məncə, bayramla bağlı adət-ənənələrimiz məşhurdur ona görə də, hamı bunlardan xəbərdardır. Bir daha bütün xalqımızın bayramını təbrik edirəm. Hamıya xoşbəxtlik arzu edirəm. Bu il hamımız üçün düşərli olsun”.
Şəhər sakini Əkbər Babayev: “Novruz bayramı çox gözəl bayramlarımızdan biridir. Düzdür, bayramlar keçmiş zamanlarda daha gözəl keçilsə də, həmin hadisələr artıq yavaş-yavaş öz aktuallığını itirir. Məncə, bunun da əsas səbəbi inkişaf etməmizlə bağlıdır. Hər bir ailə öz uşaqlarını bayramla bağlı məlumatlar versə və keçmiş zamanlardakı bayram qanunlarımızdan danışsa bu adət-ənənələrimiz sıradan çıxmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB