Düzgün məlumat istehlakçının seçim hüququnun təminatıdır

Düzgün məlumat istehlakçının seçim hüququnun təminatıdır

İlk olaraq Britaniya və ABŞ-da başlayan istehlakçılıq İkinci Dünya Müharibəsindən sonra dünyanın daha böyük hissələrinə yayıldı. İnsanlar istənilən malı alarkən və ya pullu xidmət növlərindən istifadə edərkən istehlakçı qismində çıxış edirlər. İstehlakçı gəlir əldə etmək məqsədi güdmədən əmtəələri alan və istifadə edən, xidmət və iş sifariş verən vətəndaşdır. İstehlakçı aldığı əşyanın, məhsulun, ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır. Bu, istehlakçının keyfiyyət hüququdur. Alınan məhsulların gigiyenik cəhətdən sağlamlıq üçün heç bir təhlükə törətməməsinə diqqət etmək lazımdır. Bu isə istehlakçının təhlükəsizlik hüququdur. İstehlakçının hüququnun qorunması zəruridir. Ümumdünya İstehlakçılar İttifaqı dünyada istehlakçıların hüquqlarını qorumaqla məşğuldur.

Ümumdünya İstehlakçılar Gününün elan edilməsi ABŞ prezidenti Con Kennedinin 1961-ci il martın 15-də Konqresdə etdiyi çıxışla bağlıdır. İstehlakçıların Hüquqlarını Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunmuşdur. Azərbaycanda isə ilk dəfə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanun" 1995-ci il sentyabrın 19-da qəbul olunub. Bu qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Bu gün Azərbaycanda daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını yerli istehsal hesabına yüksək keyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir.

Daxili bazarın və istehlakçıların hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların və sahibkarların maarifləndirilməsi çox böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən müxtəlif tədbirlərin keçirilməsi, kütləvi informasiya vasitələrində istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlanması, ticarət və ictimai-iaşə obyektlərində çalışan xidmət işçilərinin təlimatlandırılması və digər bu kimin tədbirlər həyata keçirilir.

15 martın Ümumdünya İstehlakçılar Günü kimi qeyd edilməsi beynəlxalq ictimaiyyəti istehlakçıların hüquqlarının qorunması problemlərinin həllinə yönəldir. İstehlakçıların hüquqlarının qorunması yalnız dövlətin işi deyil. Hər birimiz istehlakçı olaraq öz hüquqlarımızı yaxşı bilməli və qorumalıyıq.

Ləman Əlizadə

Azərbaycan Dillər Universitetinin 4-cü kurs "Filologiya" fakültəsinin tələbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə