Yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramı
Xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirən Novruz yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Novruz fəlsəfəsi cəmiyyətdaxili münasibətləri tənzimləyən, insanlar arasında səmimiyyəti, dialoqu önə çəkən yüksək dəyərləri ehtiva edir. Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadır.
Novruz sözünün etimologiyasına diqqət etsək, görərik ki, bu sözün həqiqi mənası yeni günün başlanması deməkdir. Bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş su, od, yel və torpaq çərşənbələri qeyd olunurdu. Xalqın erkən düşüncəsində yaratdığı çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gəlir. Dörd çərşənbənin qeyd olunmasının arxasında həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr insanın həyata gəlişi və həyatın canlanması ilə əlaqədardır.
Novruz bayramı təbiətlə bağlı su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir. Novruzaqədərki yaxın 4 həftənin 2-ci günlərini-çərşənbələri ulularımız Su, Od, Yel və Torpaq Çərşənbəsi adlandırmışlar. Bu dörd çərşənbənin qeyd olunmasının arxasında böyük həqiqətlər dayanır. Bu gün qeyd etdiyimiz xalq arasında torpaq çərşənbəsi "İlaxır Çərşənbə", "Yer Çərşənbəsi", "Çərşənbə-Suri" kimi də adlanan sonuncu çərşənbəmizi qeyd edirik. Torpaq çərşənbəsində torpağa istilik gəlir və bütün təbiət oyanmağa başlayır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlişindən xəbər verir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Dörd ünsürdən sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır. İnsanlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətdən xilas olurlar.
Axır Çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə daha çox zəngindir. Bu Çərşənbədə əvvəlki çərşənbələrdə icra olunan bütün ayinlər kütləvi xalq şənlikləri ilə qeyd olunur. Şənliklər sübh tezdən suya tapınma ayini ilə başlanır. Adamlar su üstünə çıxıb, su üstündən atdanaraq, dərdini, arzusunu suya danışıb, ondan imdad diləyirlər. Gün ərzində müxtəlif ayinlər keçirilir. Axır Çərşənbənin axşamı şənliklər daha da güclənir. İnsanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər: "ağırlığım, qadam-balam tonqalda yansın". Burada məqsəd qışdan qalan dərdin, ağrı-acının adamın canından çıxması, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir.Qulaq falına çıxmaq, qapılara kisə və papaq atmaq bu bayramın tərkib hissələridir. Küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, körpələrə yeni libas almaq da bu bayrama aid xüsusiyyətlərdəndir.
Torpaq Çərşənbəsinə həm də Niyyət, Dilək Çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan xoş diləklərin hamısı hasil olur. Həmin gün mütləq xoş sözlər danışılmalıdır. Axı kimsə qulaq falına çıxıb, qapıya gələ bilər. Çərşənbə axşamı ailədə könül açan sözlər danışar, dava-dalaş etməzlər ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşitməsin və evlərinə şən əhval-ruhiyyə ilə qayıtsın. Süfrənin əsas bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi olan yumurta bir də baharın gəlişini əks etdirən Səmənidir.Novruz bayramı azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlər, mütərəqqi adət-ənənələr cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapır, bu sıradan da xalqın milli bayramı olan Novruz yüksək səviyyədə qeyd edilir.Baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruzun Son Çərşənbəsi - "İlaxır Çərşənbə" bu gün böyük ruh yüksəkliyi ilə qarşılanır.
NOVRUZUN ƏN YÜKSƏK ZİRVƏSİ KÖHNƏ İLİ TƏZƏ İLİN ƏVƏZLƏNMƏSİDİR
Minilliklərin sınağından çıxaraq, bu günə gəlib çatmış Novruz bayramını hələ Azərbaycan xalqı Sasanilər dövlətinin tərkibində olduğu zaman qeyd edib. Daş dövrünə aid olan əşyalar qazıntılar zamanı əldə olunan mənəvi mədəniyyət abidələrimiz Novruz bayramının qədim tarixi olduğunu təsdiqləyən amillərdir. Azərbaycan klassikləri olan Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqani kimi dahilərimiz baharın gəlişini əks etdirən nümunələr yaratmışlar. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizamilmülkün "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını nümunə olaraq göstərmək mümkündür.
Novruzun ən yüksək zirvəsi köhnə ili təzə ilin əvəzlənməsidir. Bu zaman ənənəyə görə, Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ ötən əsrlərdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari 1637-ci ildə Şamaxı haqda yazırdı: "Münəccim tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Bahar bayramı başlandı."
Dövlətin milli-mənəvi dəyərlərimizə olan münasibəti onun prioritet istiqamələrdən biri olaraq qarşıya qoyduğu məsələlərdəndir. Müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasəti, islami dəyərlərə yeni prizmadan baxış kimi meyilləri ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapmaqdadır. Dünyada gedən qloballaşma və inteqrasiya prosesində ölkəmiz uğurlu gələcəyi təmin etmək üçün tarixi köklərimizə söykənir. Azərbaycan dövləti tərəfindən qarşıya qoyulan siyasət özündə bu və digər məsələləri ehtiva edir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək qayğısı Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənmişdir. Xalqın etnik tarixi inkişafı bir çox maddi və mənəvi amillərlə tənzimlənən mürəkkəb bir prossesdir. Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun əsas inkişaf vasitələrini üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını görərik.
Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatmışdır. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır.
Təbii ki, islam dininin də mənəvi dəyərlərimizin inkişafındakı rolunu qeyd etmək vacibdir. İslam dini təmizlik, düzlük, insanlıq, kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərdir. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bizi bu ənənələrə bağlamış, dövrümüzə körpü salmışdır. Müasir insanın formalaşması və özünü təsdiqi, məhz milli-mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır.
Bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə sərf etmiş Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə xalqımızın yaddaşında özünə yuva qurmuş Novruz bayramı milli-mənəvi xüsusiyyətləri və dəyərləri özündə əks etdirməklə, dövlət səviyyəsində qeyd edilmiş, bununla da imperiyanın sərt qadağalarına baxmayaraq, milli bayramımız qorunaraq, nəsillərdən-nəsillərə ötürülməklə saxlanılmışdır. Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunmuş, şəxsən Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilərək, xalqımızın silinməz yaddaşına həkk olunmaqdadır. Novruz şənliklərində ölkə rəhbərliyinin şəxsən iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsir edir. Azərbaycanda Novruz günlərində bu cür ümumxalq bayramlaşmasının ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub.
Ümummilli Lider Heydər Əliyevin ideyalarının qorunması və davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun da bu istiqamətdəki məqsədyönlü fəaliyyətini qeyd etməliyik. Fondun sədri YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunmasında böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondu ölkənin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə Ümumilli Liderin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olur. Azərbaycanın məxsusi dəyərlərinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı planlı işlər həyata keçirir.
BEYNƏLXALQ NOVRUZ GÜNÜ ELAN EDİLMƏSİ MİLLİ ADƏT-ƏNƏNƏLƏRİMİZİN DÜNYƏVİLİYİNİ, BƏŞƏRİLİYİNİ TƏSDİQLƏDİ
Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərən fond dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstəkdir və beynəlxalq mahiyyət kəsb edən layihələrdə təsdiqini tapır. Bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə Azərbaycan milli dəyərlərinin qorunması və tarixi irsimizə sahib olmaq istəyində olan mənfur simaların qarşısına bir sədd çəkir. Qloballaşma şəraitində aparılan işlər milli-mənəvi dəyərlərin dünyaya inteqrasiyasına yollar açır. Belə bir şəraitdə Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbirlər ölkəmizin dünya ictimaiyyətinə tanıdılması, xalqımızın maddi-mənəvi irsinin, milli adət-ənənələrinin təbliği sayəsində atılan ciddi addımlardır. 2010-cu il 23 fevralda BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənənələrimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Bu, Azərbaycanın tarixiliyini, özünəməxsusluğunun dünyada işıqlandırılmasına və irsin bəşəriliyini ifadə edən faktor kimi ortaya qoyulması ilə səciyyələndi. Beynəlxalq çərçivədə qəbul edilən Azərbaycan milli xəzinəsi dünyanı təəccübləndirmək iqtidarındadır.
Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Görülən işlərin davamı olaraq, "Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankının yaradılması" haqqında əmr də mənəvi dəyərlərimizə bir dəstəkdir. Bunun əsasında yaradıcı nailiyyətləri özündə əks etdirən xüsusi portfoliolar yaradılıb. Portfolioların yaradılmasında məqsəd Azərbaycanın milli-mənəvi dəyərlərinin beynəlxalq aləmə inteqrasiyası, qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasıdır.
Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası, xalq yaradıcılığının təbliği istiqamətlərində islahatlar uğurla davam etdirilir.
Beynəlxalq ictimaiyyətin diqqət və maraq mərkəzində olan, Azərbaycan xalqının adət və ənənələrini, milli-ənənəvi xüsusiyyətlərini özündə əks etdirən, soydaşlarımıza və ölkə vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramı dövlət səviyyəsində qeyd olunur.
İŞĞALDAN AZAD OLUNAN TORPAQLARIMIZDA ÇƏRŞƏNBƏMİZİ QEYD EDİRİK
Bu gün sevindirici və qürurverici bir haldır ki, xalqımız Novruz bayramını işğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda qeyd edir. Tonqalımız qalanır, el-obamız bayramı qaşılayır. Qəlblərdə sevgi, torpaqda atəş yaşanır. Bu gün sonuncu çərşənbəni Torpaq Çərşənbəsini qeyd edirik. İllərdir arzuladığımız və bu gün böyük məsləkimizə qovuşduğumuz torpaqlarımızın işğaldan azad olunduğu torpaqlarımızda çərşənbəmizi qeyd edirik. Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşanılır, tonqallar qalanır, od-alov aləmə yayılır. Torpağımıza isti nəfəs gəlib, torpaq həsrətlə gözlədiyi sevincinə qovuşub. Torpaqlarımız dərindən nəfəs alır. Tarixdən boylanan zamanın daşlaşmış yaddaşında olan təbiətdən gələn yeni günü Qələbə tarixini yaşamış xalqımız böyük sevinclə qarşılayır. Bu gün Novruz bayramının astanasındayıq. İlin ən gözəl zamanının...
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB