Valideyn münasibətlərinin uşağın şəxsiyyət kimi formalaşmasına təsiri
Yeniləşmə və qloballaşma şəraitində informasiyaların sürətli inkişafı, kütləvi kommunikasiya və təbliğatın genişlənməsi, cəmiyyətdə özünü göstərən bu və ya digər proseslər ailədaxili məsələlərə də təsir göstərir. Fərdin dünyaya gəldiyi andan ailəsi ilə qurduğu münasibət yaşa dolduqca bu qarşılıqlı əlaqə onların bütün həyatlarını əhatə edən və təsir göstərən yaşayış formasına çevrilir. Bu müddətdə ailənin xüsusiyyətləri və ailə münasibətləri xüsusilə fərqlənir. Ailədə baş verənlər həqiqətən uşağın inkişafına və onun psixi sağlamlığına uzun müddətli təsir göstərir. Nəzərdə tutulan yalnız uşaqla valideyn arasındakı qarşılıqlı münasibət deyil. Valideynlərin bir-biri ilə münasibəti də uşağın həyatında əhəmiyyətli rol oynayır və onun həyatının bütün sahələrinə - psixi sağlamlığından tutmuş dərslərindəki uğurlara və gələcəkdə münasibətlərin qurulmasına da təsir göstərə bilər.
Ailənin xüsusiyyətləri və münasibətləri uşağın şəxsiyyətinin formalaşmasına müsbət və ya mənfi təsir göstərir. Uşağın həyatında xüsusilə erkən uşaqlıq dövrünün ilk beş ilində sosiallaşmasında, ətraf-aləmi doğru şəkildə analiz etməsində şüurlu və ya şüursuz formada təsirli olan ən vacib vasitə onun ailəsidir. Valideynlər uşağın ilkin sosial mühitidir, onları istiqamətləndirən təməl institutdur. Uşaqlar ilk sosial davranışlarını valideynləri və ailənin digər üzvləri ilə qarşılıqlı əlaqələr nəticəsində qazanmış olurlar.
Ailə münasibətlərinin əsasını ər və arvad münasibətləri təşkil edir. Onlar ailənin qoşa qanadlarıdır. Doğrudan da, ailədə ata-ana əsas sima olduqları üçün onların arasında yaranmış münasibət uşaqların bu günü və gələcəyi üçün istiqamətləndiricidir. Xüsusən də, Azərbaycan ailəsində bu münasibətlər daha çox diqqəti cəlb edir. Özünəməxsus spesifik çalarları ilə xarakterizə olunan Azərbaycan ailəsi kökə, nəslə, uşağa bağlı olduğu üçün həmişə bütövlüyündə, ülviliyində seçimli olub. Ər və arvad arasındakı münasibətin məzmununu qarşılıqlı hörmət və qayğı, səmimiyyət və mehribanlıq təşkil edir. Odur ki, bir-birinin hörmətini saxlamaq, uşaqların tərbiyəsində vahid tələbləri gözləmək ailədaxili münasibətlərdə əsas faktordur.
Ailə tərbiyəsinin əsas prinsiplərindən biri uşaqlara hörmət və tələbkarlıqdır. Uşaqlara hər yaşda, hər cür şəraitdə hörmət edilməlidir. Onların şəxsiyyət və ləyaqətləri tapdalanmamalıdır. Uşaqları ələ salmaq, təhqir etmək, pərt etmək, gülünc vəziyyətə salmaq, aldatmaq, onlara qarşı kobudluq etmək, psixi və fiziki zorakılıq etmək, başqalarından üzr istəməyə məcbur etmək qətiyyən yolverilməzdir.
Ailədə uşaqlar məhəbbətlə idarə edilməlidir. Belə olduqda uşaqlar da valdeynlərinin getdikləri yolla gedir və çox nadir hallarda bir-biri ilə kobud danışırlar.
Ata və ana heç vaxt uşaqların yanında mübahisə etməməli, bir-birinin plan və fikirlərinə tənqidi yanaşmamalıdır. Əgər, valideynlər fikir birliyinə gələ bilmirlərsə, onda öz məsələlərini uşaqların yanında müzakirə etməməlidirlər.
Bütün bunlar valideyn sevgisi və valideynlərin şəxsiyyətlərarası münasibətlərinin uşaqların şəxsiyyət kimi formalaşmasında nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.
Ləman Əlizadə
Azərbaycan Dillər Universitetinin 4-cü kurs "Filologiya" fakültəsinin tələbəsi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB