Prezidentin bütün fəaliyyəti Azərbaycan xalqının maraqlarına xidmət edir

Prezidentin bütün fəaliyyəti Azərbaycan xalqının maraqlarına xidmət edir

10 mart 2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev çıxışında 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini, bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləmiş və ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir. Bu, növbədənkənar parlament seçkilərinə insanların yüksək etimadından xəbər verirdi. Seçkilərdə bütün siyasi qüvvələrin iştirak etdiyini deyən dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini vurğulamışdır. Hər zaman xalqın, dövlətin maraqlarını üstün tutan Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə önəmli addımlar ataraq müxalifət nümayəndələrinin parlament rəhbərliyində təmsil olunmasına şərait yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlamentdəki çıxışı zamanı səsləndirdiyi: "Bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir”, fikirləri ölkədə real mənzərəni əks etdirərək həyata keçirilən dövlət siyasətinin, məqsədyönlü inkişaf kursunun xalq tərəfindən yüksək səviyyədə dəstəkləndiyini bir daha təsdiq edir.

Prezident İlham Əliyev deputatların qarşısında duran vəzifələrdən danışarkən mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunmuşdur. Prezident vurğulamışdır ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışmışdır. Prezident Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açmışdır.

İlham Əliyev demişdir ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazandı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. "Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq”, deyə Prezident bildirmişdir.

Bu gün Parlamentimiz dövlət başçısının bu ümidlərini doğruldur və həyata keçirilən inkişaf siyasətinə, islahatlar kursuna layiqli töhfələr verir.

Tofiq Əsgərov - Masallı RTŞ-nin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə