Yüksək texniki peşə təhsili üçün kredit tələbi müəyyənləşib

Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsində tələbələrin təhsili ixtisas üzrə təhsil proqramı (kurikulum) əsasında həyata keçiriləcək.

SİA APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, tədris ili iki yarımildən (birinci və ikinci) ibarətdir. İxtisas üzrə təhsil və tətilin vaxt bölgüsü təhsil proqramı ilə müəyyən edilir. Tətil müddətində 6 (altı) həftədən çox olmayaraq yay məktəbi də təşkil oluna bilər.

Yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər yarımil 20 həftədən ibarətdir. Bir yarımilə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay məktəbi istisna olmaqla).

Aralıq və yekun qiymətləndirməyə hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.

Yüksək texniki peşə təhsili proqramlarının mənimsənilməsi üçün Təhsil Nazirliyi tərəfindən hər bir təhsil proqramı üzrə müəyyən edilən minimum 120, maksimum 180 kredit tələb olunur. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

Tələbəyə əlavə modullar (fənlər) seçməyə icazə verilir. Müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı modullardan (fənlərdən) göstəricisi 81-100 bal arasında olan tələbələr əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydanın tələbləri gözlənilməklə, təhsil aldığı ixtisas üzrə əlavə modullar (fənlər) götürə bilərlər. Akademik borcu olan tələbə əlavə modullar (fənlər) götürdükdə, təhsil haqqının ödənilməsi bu Qaydanın tələblərinə uyğun həyata keçirilir. Bütün hallarda bir yarımildə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.

Akademik borcu olmayan tələbəyə gələcək peşə fəaliyyətində istifadə etmək və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan modulların (fənlərin) və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil almaq məqsədilə bu Qaydanın tələblərinə uyğun ödənişli əsaslarla müvafiq ixtisasların modullarını (fənlərini) seçmək hüququ verilir. Bu Qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə subbakalavr peşə-ixtisas dərəcəsi və müvafiq diplom verilir.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə