“Təkrar emal dedikdə məişət və sənaye tullantılarının təkrar emala yönləndirilməsi nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib. Onun sözlərinə görə, yəni məişət tullantıları bu və ya digər formada utilizasiya edilir: “Utilizasiya edilmədikdə üfunət, müxtəlif xəstəliklər, epidemiyalar baş qaldıra bilər. Buna görə də tullantılar mütləq utilizasiya edilməlidir. Bu vacib şərtdir. Amma onun necə utilizasiya edilməsinin də müxtəlif növləri var. Bunlardan biri də təkrar emaldır. Hətta bu ən faydalı formasıdır. İlk növbədə təkrar emala göndərilən məhsullar çeşidləndirilməlidir. Bunu bir layihə kimi də təqribən 15 il əvvəl Bakıda müşahidə etdik. Başqa ölkələrdə bunun daha böyük təcrübələrini də müşahidə edə bilərik. Xüsusilə də bu proses Qərb ölkələrində daha çox inkişaf edib. SSRİ dövründə məişət tullantıları məktəblilər tərəfindən toplanaraq təhvil verilirdi. Sonradan bu təcrübə unuduldu. Qərbdən gələn yeni bir təcrübə forması isə birbaşa məişət tullantılarının utilizasiyası ilə məşğul olan layihə idi. İndi də Bakıda bu təcrübə var. Təbii ki, buna nə qədər əməl olunur deyə bilmərəm. Bəzən tullantıların çeşidlənmədən eyni yerə yığılması kimi hallarla da qarşılaşırıq. Bunu həyata keçirmək mümkündür. Lakin buna nəzarət edən qurumlar ciddi yanaşmalıdırlar. Məişət tullantılarının təkrar emala yönləndirilməsi üçün onlar ilk növbədə çeşidlənməlidir. Tutaq ki, şüşə qırıntıları ayrıca, plastik tullantılar isə ayrıca çeşidlənməli və təkrar emala göndərilməlidir. Bunun üçün isə təkrar emal müəssisələrinin olması şərtdir. Balaxanı məişət tullantıları poliqonunda belə bir stansiyanın olduğunu bilirik. Təkrar emal zamanı təbii ki, müəyyən mənfi hallar da mövcuddur. Təkrar emaldan sonra məhsulların keyfiyyətli olması üçün ona müəyyən qatqılar, əlavələr edilməlidir. Təkrar emalla məşğul olan müəssisə bu əlavə xərclərdən qaçmaq üçün bəzən yeni məhsulun keyfiyyətini əldən verir. Ümumiyyətlə isə təkrar emal tullantıların utilizasiyası üçün ən düzgün yoldur”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB