Ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanan Azərbaycan qadını

Ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanan Azərbaycan qadını

Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğu mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyi səylər, həmçinin onların mötəbər qurumlarda təmsil olunmağı, fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. “Xanım” adı, ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər bir səhifəsi qadınlarımızın müdrikliyi, fədakarlıq və qəhrəmanlıqlarının parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu günlərədək layiqincə yaşadılmasının əsas səbəblərindən biri Azərbaycan qadınının misilsiz xidmətidir.

“...Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır...” (Heydər Əliyev)

Biz Azərbaycan xalqı olaraq əsirlər boyu hər zaman milli dəyərlərimizə hörmətlə yanaşmışıq, bu dəyərlərimizin ən uca zirvəsi təbii ki, anamızdır, Azərbaycan qadınıdır.

“Cənnət, anaların ayaqları altındadır”. (Məhəmməd peyğəmbər)

Bu səbəbdən də, dünyada sayılıb seçilən xalq olaraq, müqəddəs vətənimizə “Ana Vətən”, müqəddəs dilimizə “Ana Dili” demişik və bu toxunulmaz dəyərlərimizi göz bəbəyimiz kimi qorumuşuq. Azərbaycanın tarixində qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf edilmişdir. Orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib.

“...Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər". (Heydər Əliyev)

XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

"Azərbaycan xalqı həmişə qadına, onun, cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır...” (Heydər Əliyev)

8 Mart - Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir. “Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə və ölkəmizin hərtərəfli yüksəlişinin təmin olunmasına yönəlmiş yaradıcı potensialını qadınlar bu gün də uğurla gerçəkləşdirməkdədirlər.” (İlham Əliyev) Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

“Əminəm ki, müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanmaqla bərabər gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlılıq ruhunda tərbiyəsi üçün bundan sonra da Azərbaycan qadınları öz qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəklər”. (İlham Əliyev)

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

“Dinamik sosial-mədəni həyatımızın fəal iştirakçıları olaraq Azərbaycan qadınının milliliklə müasirliyin vəhdətində, indiki yüksək nüfuzu və ictimai mövqeləri ilə fəxr edə bilərik”. (İlham Əliyev)

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir. Şərq və Qərb xüsusiyyətlərini özündə cəmləşdirən, milli dəyərlərimizin və mədəniyyətimizin təbliğatçısı, Azərbaycan adət- ənənələrinin qoruyucusu, ümummilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyevanın obrazı Azərbaycan qadınlarının dünyabaxışında, gələcəyində mühüm rol oynayacaq. Mehriban xanım Əliyevanın Azərbaycanın həyatındakı çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlər qadınlara əsl örnəkdir. Birinci xanım ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi respublikamızda xeyriyyəçilik ideyalarının bərqərar edilməsində, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, şifahi ədəbi və musiqi irsinin qorunub saxlanılması yolunda böyük zəhmət sərf edir. Bu gün Mehriban xanım Əliyeva Azərbaycan qadın hərəkatının önündə gedərək beynəlxalq təşkilatlarda xanımlarımızı ləyaqətlə təmsil edir. Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübutdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Çıxışımın sonunda, Azərbaycanın inkişafında və xalqının rifahının yüksəlməsində öz əvəzolunmaz töhfəsi olan birinci vitse-preziden Mehriban xanım Əliyevanı, qəhrəman şəhid analarımızı, Səhiyyə Nazirliyinin və Sanator-Kurort reabilitasiya Mərkəzinin qadın işçi heyyətini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm, möhkəm can sağlığı, xeyirli və sevgi dolu həyat arzu edirəm. Bayramınız mübarək, müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanan, Azərbaycan qadını!

Mürsəl Mürsəlov

Azərbaycan Republikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə