Dünyada Ana adını Azərbaycan qadını qədər uca tutan heç kəs ola bilməz
“Ölkə başçımız cənab İlham Əliyev hər zaman Azərbaycan qadınına böyük diqqət və qayğı göstərir. Cənab Prezident hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, bayram ərəfəsində cənab İlham Əliyev Azərbaycan qadınlarının bir qisminə fəxri adlar verir, digər qrupunu Azərbaycanın orden və medalları ilə təltif edir: “Azərbaycan qadını tarix boyu dövlətinə sədaqəti və sadiqliyi ilə seçilmişdir. Azərbaycanın müstəqil dövlət quruculuğunda qadınlarımız böyük fədakarlıq, qəhrəmanlıq nümayiş etdirmişdilər. Ölkəmiz müstəqillik qazandıqdan sonra da Azərbaycan xanımları ölkənin inkişafında, tərəqqisində böyük rol oynayır. Ölkə həyatının bütün sahələrində qadınlarımız fəaliyyət göstərir, dövlətə layiqli xidmət edirlər. Dünyada Ana adını Azərbaycan qadını qədər uca tutan heç kəs ola bilməz. Tarix boyu Azərbaycan qadını öz Vətəni uğrunda savaşlarda iştirak edib. Birinci və ikinci Qarabağ müharibəsində də Azərbaycan qadını böyük şücaət və qəhrəmanlıq göstərib. Şərqin ilk demokratik Respublikası - Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın hüquqlarına böyük diqqət göstərilmişdir. Dünyada əsrlər boyu dövlətçiliyi olan bir çox ölkələrdən əvvəl Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verildi. Azərbaycan dilinin qorunması, milli dəyərlərimizin bu günə qədər saf və təmiz şəkildə gəlib çıxması, milli irsimiz olan şifahi xalq ədəbiyyatının qorunub saxlanması, ağbirçək analarımızın müdrikliyi sayəsində olmuşdur.
Ölkəmizdə qadınların dövlət siyasətindəki fəaliyyəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider bütün sahələrdə qadınlara xüsusi yer ayırırdı. Məhz ulu öndərin qayğısı sayəsində Azərbaycanda lider qadınlar yetişdi. Heydər Əliyev dövlət quruculuğunda qadınların rol oynamasına xüsusi diqqət ayırırdı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz bacarığı, liderlik xüsusiyyətləri ilə dünyada Azərbaycan qadınının nüfuzunu qaldırdı. Bu gün Mehriban xanım yorulmadan fədakarlıqla bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ edir. Mehriban xanımının xidmətidir ki, bu gün Azərbaycan muğamı bütün dünyaya səs salıb, Azərbaycan xalçaları dünyanı heyrətə gətirib. Məhz Mehriban xanımın sayəsində bir çox milli- mədəni irsimiz Ümümdünya İrs siyahısına daxil edilib. Mehriban xanımın bütün dünyada həyata keçirdiyi humanitar aksiyalar sayəsində Azərbaycanın dostlarının sayı hər gün artmaqdadır. Mehriban xanımın başçılıq etdiyi Heydər Əliyev Fondu neçə ildir dünyada Azərbaycanın humanitar və mədəni, diplomatik nümayəndəsi missiyasını yerinə yetirir. Mehriban xanım Azərbaycan qadınının mərhəmət və xeyirxahlıq, yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir.
Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu vaxt Azərbaycan qadını gənc nəslin milli ruhda böyüməsi və tərbiyə olunması işini şərəflə daşıdı. Azərbaycan xanımı Zəfər uğrunda övladlarını şəhid verdi, amma sınmadı. Dövlətimuz şəhid analarını hər zaman uca tutur.
Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində bu gün Azərbaycan qadınının cəmiyyətdə nüfuzu artmaqdadır. Ölkəmizdə qanunverici, icraedici orqanlarda, məhkəmə, hüquq-mühafizə sistemlərində qadınlarımız dövlətə, xalqa şərəflə xidmət etməkdədir. Qadın hüquqlarının qorunmasında və dövlət siyasətində qadın ların rolunun daha da artırılması üçün ulu öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyev çoxlu sayda Fərman və Sərəncamlar imzalamışlar.
Qəbul edilmiş bu qanunlar bir daha sübut edir ki, qadınlarımız hansı sahədə fəaliyyət göstərmələrinə asılı olmayaraq hər zaman dövlət qayğısı ilə əhatə olunmuşlar”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB