Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas prioritetidir
Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Ona görə də ölkəmizdə bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilmişdir. Ötən illərdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir.
Əsası ümummilli lider Heydər Əliyevtərəfindən qoyulan idman siyasəti yeni mərhələ üzrə inkişaf edir
Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi qayğısına qalmışdır. Ümummilli liderin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan vermişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmiş, 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоymuşdur. Həmin il iyul аyının 31-də cənаb İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişlənmiş, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə bаşlаnılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il mart ayının 5-nin “Bədən Tərbiyəsi və İdman Günü”kimi qeyd olunması isə ölkəmizdə bədən tərbiyəsi və idman sahəsinə göstərilən diqqətin bariz göstəricisidir. Dövlətimizin başçısı demişdir: “Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiyyət üçün faydalıdır”.
Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə etmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İdmançılarımız 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında uğurla çıxış edərək 7 medal qazanıb və Azərbaycan dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutub. Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu il olub. Belə ki, Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə əldə edilib. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordunu yeniləyib. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşıb, milli komandamızın aktivinə 18 medal yazılıb.
İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda hərtərəfli idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər müasiridman obyektləri ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prilərinin, 2021-ci ildə futbol üzrə Avropa çempionatının müəyyən mərhələlərinin yüksək səviyyədə təşkil olunması ilə nəticələndi.
Bədən tərbiyəsi və idman vətənpərvərlik hissinin təməlidir
“İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir”,- deyən Prezident İlham Əliyevin bu dəyərli fikirlərinə istinadək demək olar ki, bəli, idman sağlamlıqla yanaşı, həm də özünəinamı, eyni zamanda qorxmazlığı, əyilməzliyi, igidliyi özündə ehtiva edir. Ölkəmizdə yeniyetmə və gənclər bədən tərbiyəsi və idmanla kütləvi şəkildə məşğul olduğundan bu, son illər vətənpərvər gəncliyin yetişməsində mühüm rol oynamışdır. Sağlam həyat tərzi, düzgün yaşam, cəmiyyət üçün gərəkli fərd olmaq insanda Vətəninə, torpağına, el-obasına sevgi, qədirbilənlik hissini formalaşdıran amillərdir. Bugünkü gəncliyin yüksək vətənpərvərlik keyfiyyətinə malik olmasında bu sahəyə göstərilən diqqət və qayğı öz sözünü deyib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində gənclərimizin dünyaya nümunə olan vətənpərvərliyi dövlətimizin vətəndaşına göstərdiyi qayğının bəhrəsi kimi təzahür etdi. Statistikaya görə Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər iştirak edib. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb.
Gənclərimizin torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdikləri şücaət, onların fiziki gücü, son nəfəslərinədək rəşadətlə döyüşmələri, torpaq uğrunda şəhid olmaları sübut etdi ki, xalqımızın övladları üçün Vətən sevgisi bütün sevgilərdən, istəklərdən öndədi. hər bir yarışda Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız üçrəngli bayrağımızı Qarabağda da dalğalandırmağa nail oldular. Ötən ay gənclərlə görüşündə Prezident İlham Əliyev onların Vətən müharibəsindəki şücaətindən söhbət açarkən demişdir: “Şuşa qalasına dırmaşmaq, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır. Amma sənin üzərinə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar. Ona görə idman bu deməkdir. Dinc həyatda da hökmən lazımdır, hökmən”.
İdmanın inkişafında başlıca amil bədənin düzgün tərbiyə olunmasıdır
Bədən tərbiyəsi, yəni bədənin tərbiyəsi hər dövr üçün ən aktual məsələdir. Yəni hər bir insan bədənini yaxşı mənada tərbiyə etməyi bacarırsa, zamanla onun faydalarını da görməyə başlayır. Bədənin tərbiyəsi öncə hər bir ailədə valideynlərin üzərinə düşən vəzifədir. Yəni hər bir ata-ana kiçik yaşlarından övladının bədən tərbiyəsinin qeydinə qalmalıdır. Müxtəlif rejimlər tətbiq etməklə bunu onun vərdişinə çevirməli və sağlam həyat tərzinintəməlini qoymalıdır. Bəzən bədən tərbiyəsi dedikdə tək idman nəzərdə tutulur. Lakin bu, belə deyil. İnsanın gün ərzində səhər saatlarından gün bitənədək fəaliyyəti onun bədəninin tərbiyəsini xarakterizə edir. Bura səhər gəzintiləri də, yemək, istirahət saatları da, kitab oxumaq, dərs çalışmaq, hansısa bir işi görmək də, yaxud əksinə sağlam həyat tərzinə zidd olanların hər biri daxildir. Beləliklə lap kiçik yaşlarından bədənin tərbiyəsinə necə başlanırsa, sonrakı illərdə də həyatımız əsasən o qayda ilə davam etdirilir.
Sağlam həyatın, mənalı ömrün, cəmiyyətə layiqli olmağın, ən əsası isə vətənsevərliyin, vətənpərvərliyin əsası bədənin tərbiyəyə necə alışdırılmasından birbaşa asılıdır. Düzgün bədən tərbiyəsi sayəsində şüurun, beynin sürətli inkişafı, hadisələrə baxış bucağının düzgün qurulması, cəmiyyətə sağlam şəkildə yanaşması ilə insan, sözün həqiqi mənasında, mənsub olduğu ölkə üçün uğurdur. Bunun üçün də bədən tərbiyəsinin inkişafı dövlətimiz tərəfindən diqqətdə saxlanılan prioritet məsələlərdəndir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğıqarşıdakı illərdə daha böyük uğurların əldə olunacağından əminliklə danışmağa əsas verir.
Mətanət MƏMMƏDOVA
Əməkdar jurnalist
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB