Bütün dünyada olduğu kimi Azərbaycanda da hər il 8 mart Beynəlxalq Qadınlar Günü qeyd olunur.
Bəs, bu gün necə yarandı?
Hər il 8 mart tarixində qeyd olunan bu bayram qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 mart tarixinin dünyada qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Hər il olduğu kimi bu il paytaxtın müəyyən ərazilərində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyə yarmarkaları açılıb. SİA olaraq "28 May" metrostansiyası yaxınlığında yerləşən yarmarkalara yollandıq.
Burada növbənöv güllərin satışı ilə məşğul olan satıcı Cavid Babayevin sözlərinə görə, 8 martda güllərin qiymətində heç bir dəyişiklik olmayacaq: “Biz birinci ildir ki, buradayıq. İnsanlar daha çox ev güllərinə üstünlük verirlər. Ən çox alınan güllər isə qardeniya, 7 gözəl, azaliya, beqoniyadır. Güllərin qiymətləri 1 azn-dən başlayır, 50-60 azn-dək davam edir.
Hədiyyə üçün insanlar ən çox qızılgüllərə, tülpanlara daha çox üstünlük verirlər. Hazırda qızılgülün bir dənəsi 3 azn-dir. 8 mart Beynəlxalq Qadınlar Günündə də qiymətlər olduğu kimi qalacaq. Heç bir dəyişiklik olmayacaq. Bura yarmarka olduğu üçün qiyməti qaldırmaq düzgün deyil”.
Rəngli və maraqlı qar kürələri ilə diqqətimizi çəkən yarmarkaya yaxınlaşdıq. Bu yarmarka rəngli və fərqli qar kürələri və suvenerləri ilə hər kəsin diqqətini çəkir. Satıcı Hüseyn Orucov bildirib ki, insanlar hədiyyə alarkən ən çox yumşaq oyuncaqlara və suvenerlərə üstünlük verirlər: “Yumşaq oyuncaqların ən ucuzu 6 azn-dir, ən bahalısı isə 45-50 azn arasında olur.
Qar kürələrdən başqa cürbəcür naxışlı, rəngli və fərqli olan stəkanlara da üstünlük verilir. Qar kürələrinin qiyməti 4-35 azn arasında dəyişir. Stəkanların qiyməti isə 4-15 azn arasında dəyişir. Müştərilərin daha çox aldıqları hədiyyələrdən biri də suvenerlərdir. Suvenerlərin qiyməti 1 manat 50 qəpikdən başlayır 7 manata kimi davam edir. Bayram ərəfəsində qiymətlər olduğu kimi qalacaq. Çünki satış çox yaxşıdır”.
Bu yarmarkanın digər yarmarkalardan fərqi isə ondan ibarətdir ki, burada balaca rəngbərəng oyuncaq maşınlar satılırdı. Satıcının dediyinə görə, oyuncaq maşınların qiyməti 5 manatdan başlayır 12 manatadək dəyişir.
Daha sonra digər gül satan yarmarkaya yaxınlaşdıq. Satıcı Məhəbbət Mənsimlinin dediklərinə görə, ən bahalı gül sayılan orxideyalardır: “Orxideyaların qiyməti 35 manatdır. Bundan başqa quzmaniya adlı güllərimiz də var. Bunların qiyməti isə 25 manatdır.
İnsanların ən çox aldığı gül orxideyadır. 8 mart günündə qiymətlər qalxmayacaq. Əksinə enməsini gözləyirik. Biz əsasən ev bitkilərinə üstünlük veririk. Çünki insanlar ən çox ev bitkilərinə üstünlük verirlər”.
Başqa bir yarmarkaya yaxşınlaşdıq. Bu yarmarkanın fərqi ondan ibarətdir ki, burada təkcə güllər yox, həmçinin cürbəcür suvenerlər, hədiyyəlik əşyalar da satılır. Satıcı Sübhan Əhmədovun sözlərinə 7 ildir ki, fəaliyyət göstərirlər: “Burada insanlar hər dəfəsində fərqli hədiyyələr alırlar. Sırf bir hədiyyə almırlar.
Əsasən suvenerlərə, güllərə üstünlük verilir. Güllərin qiyməti 1 manatdan başlayır 30-35 manatadək davam edir. Suvenerlərin qiyməti isə 1 AZN-dən başlayır, 6 AZN-dək davam edir. Suvenetlərin qiyməti əsasən onların ölçülərindən asılıdır. Təbii ki, balaca suvenerlərin qiyməti böyük suvenerlərin qiymətindən daha ucuzdur”.
Bu yarmarkanın həmçinin ətir bölməsi də var idi. Ətir bölməsindəki satıcı Hətəm Rəhimov bildirdi ki, burada hər cür ətirlər var: “Ətirlərin qiymətləri arasında təbii ki, fərqlər var. İnsanlar hədiyyə alarkən ən çox fərah ətirlərə üstünlük verirlər. Bundan əlavə həmçinin şirin ətirlərimiz də var. Lakin bu cür ətirlərə çox üstünlük verilmədiyindən az sayda satırıq. Ətirlərin qiyməti 5 AZN-dir. Ən bahalı ətir isə 25 AZN-dir”.
Şəhər sakinlərindən 8 mart Beynəlxalq Qadınlar Günündə hansı hədiyyələri alacaqlarını soruşduq:
Şəhər sakini Əli Rəhmanov: “Hər il olduğu kimi bu il də anama və bacıma 8 martda hədiyyə alacam. Anam ən çox gül sevdiyi üçün demək olar ki, hər il ona gül alıram. Bacıma isə duxu, aksessuar kimi hədiyyə alıram. Düşünürəm ki, bu bayramda hər bir xanım sevinməlidir. Çünki 8 mart onların günüdür”.
Şəhər sakini Qumral Baxşəliyeva: “8 martda anama gül və gümüş sep almağı düşünürəm. Anamı sevindirməyi çox sevirəm. Bu bayramda hər bir qadın xoşbəxt olmağa layiqdir. Ona görə də, bu bayramda əsasən anaları yaddan çıxartmaq olmaz”.
Şəhər sakini Niyazi Əhmədov: “Bildiyimiz kimi 8 mart bütün dünyadakı qadınların bayramıdır. Nəinki bu bayramda, onlar həmişə xatırlanmalı və sevib-sevilməlidir. Hər il olduğu kimi bu il də anama hədiyyə alacam. Anama həmişə iki hədiyyə alıram. Biri mütləq gül olur. İkinci hədiyyə isə ya qolbaq, ya sep, ya duxu və s. olur”.
Şəhər sakini Leyla Əliyeva: “Bu bayramda ən çox gül hədiyyə olunur. Ona görə də mən də doğmalarıma və əzizlərimə gül hədiyyə edirəm. Ümumiyyətlə bu bayram yer üzündəki bütün qadınların bayramı olduğuna görə, bu gündə bütün qadınlar xatırlanmalıdır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB