Nə qədər başıaşağı axı... ARAŞDIRMA

Nə qədər başıaşağı axı... ARAŞDIRMA

Çox təəssüf ki, indi küçələrdə, metroda nəqliyyat marşrutlarında, parklarda, hətta evlərimizdə belə çox tez-tez bəzi başıaşağı insanlarla, xüsusilə, gənclərlə qarşılaşırıq. Başıaşağı deyərkən atamın bir vaxtlar mənə tövsiyələrini xatırlayıram: ”-Qızım, qız uşağı başıaşagı olmalıdır. Küçə-bacada başıaşagı gəzib-dolanmalıdır. Başıaşagı deyəndə, ta demirəm ey başını sal aşağı, yolda-rizdə səni maşın vursun. Başıaşağı deyəndə gözlərinin nəzərlərini aşağı dikməlisən. Qız nədir, küçədə o yana-bu yana boylandı nədir…” Bu cür tövsiyələri tək mənim atam yox, bütün atalar övladlarına məsləhət bilirdilər. İndi də bilirlər. Eşidən eşidir, eşitməyən də ki... Allah onlara rəhmət eləsin, qızıldan qiymətli kəlamlarını yaddan çıxarmaqmı olar, unutmaqmı olar? Bir kəlmə sözləri ilə minilliklərə söykənən Azərbaycan ailəsinin xarakterini, mentalitetini açır, kimliyini təsdiq edirdilər.

Bu günlər həmin başıaşağıları görərkən atamın sözləri yadıma düşür. Lakin o başıaşağılıqla bu başıaşağılıq arasında o qədər fərq var ki… Birincisi indi haqqında söhbət açacağım əksər gənclərin tək qız qismi deyil, oğlan qismi də “başıaşağı”dır. İkincisi ortada bizə tövsiyə olunan başıaşağılıqdan əsər-əlamət yoxdur. Burada söhbət hər yerdə qarşılaşdığımız gözləri telefonlarda, saatlarla başı yuxarı qalxmayan gənclərdən gedir. İndi tez-tez rəfiqəsi, dostu ilə yol gedərkən, piyada keçidlərini keçərkən, bütün növ marşrutlarda başlarının üstündə dayanan ahıl yaşlı insanları fərq etməyən, yol keçərkən qulağındakı qulaqcıqlarla ətrafdan əlaqəsi kəsilən, sürətlə şütüyən avtomobillərin siqnallarını eşitməyən başıaşağı gəncləri müşahidə etmək olur. Hələ uzağı demirəm, bu yaxınlarda toplaşdığımız bir qohumgildə beş-altı gəncin biz böyüklərin etdiyi söhbətə məhəl qoymadan telefonlarından başlarını qaldırmamaları məni heyrətə gətirdi. Ha baxdım, onları başıaşağı gördüm. Bir neçə saat nə bizimlə, nə də öz aralarında ünsiyyət qurmadan elə başıaşağı öz aləmlərində idilər. Elə bu yazını yazmağın stimulunu da onlar verdi mənə. Sonra müşahidələr apardım, gördüm ki, bu “başıaşağılıq” evlərımızdən sən demə çoxdan çıxmış, sarmaşıq kimi cəmiyyətə yayılmaqdadır. Mən o qohum uşaqlara iradımı bildirdim, hələ hirsləndim də. Hərçənd ki, iradlarım elə başıaşağı dinlənildi, ancaq mən onlara onurğa sütunlarında, gözlərində problemlərin yaranacağından, çox güclü şüalanmaya məruz qaldıqlarından söhbət açdım. Onlara baxdıqca, bir anlıq xatirələr məni keçmişə də götürdü. Qohum, məhəllə həmyaşıdlarımızla bir yerə toplaşanda şirin söhbətlərimizi, oxuduğumuz kitabları, izlədiyimiz filmləri paylaşdığımızı, məktəbdə, yolda gördüklərimizi bölüşdüyümüzü, aramızda vərəq üzərində ad, şəhər, film, bitki, heyvan adı yarışması apardığımızı, yarışmanı birinci bitirənin “dayanın” deyə çığırtısını xatırladım. Qulaqlarımda çağlayan o səslərlə xatirələrdən ayrıldım. Və onları qınadıgım gənclərə də xatırlatdım. Gülümsündülər… Ancaq başları yenə də yuxarı qalxmadı ki qalxmadı. Biz əslində o evə bir toy mərasimi öncəsi toplaşmışdıq. Əslindəoradakı söhbətlərdə, məsləhətləşmələrdə gənclərin də fikirləri, təklifləri maraqlı və keçərli ola bilərdi. Lakin söhbətə qoşulan olmadı axı.

Sonrakı müşahidələrimdə belə gənclərin sayının hədsiz olması, onların cəmiyyətdən günbəgün, saatbasaat, anbaan uzaqlaşmaları kimi düşüncələr beynimi alt-üst etdi. Metrodayam, düz yeddi gənc sayıram, “başıaşağı”dırlar. Qarşılarında neçə-neçə ahıl insan, analarının əllərini var gücü ilə sıxmış, ancaq yenə də yerindəcə çalxalanan uşaqlar… Küçədəyəm, qulağında qulaqcıqlar, başıaşağı onlarla gənc, qarşılarındakı əliuşaqlı, əliəsalı insanlara çırpılırlar, üzr istəmək yerinə hələ bəzən “görmürsən?” deyə söyləyirlər. Ticarət mərkəzindəyəm, ana, yanında yəqin ki, qızıdır, başıaşağı, oğlan, yanındakı yəqin ki, dostu, qardaşıdır, başıaşağı. Qız, yanındakı yəqin rəfiqəsidir, başıaşağı. Əslində, iki nəfərin bir arada olub birinin telefonla məşğul olması, yaxud kitab, qəzet oxuması qarşısındakına hörmətsizlikdən başqa bir şey deyil. Yenə xatirələr alır məni ağuşuna, götürür keçmişə. Keçmiş deyəndə bizim gəncliyimizin təsadüf elədiyi 1990-cı illərə. Metroda, marşrut avtobuslarda əyləşməyimizlə qalxmağımız bir olardı, böyüklərə yer verərdik, yaşlı insanların çantalarını daşıyar, yolu keçirərdik, uşaqlılara yardım edərdik. İndi də belə gənclər çoxdur, müşahidə edirik, lakin bütün günü ən azından sağlamlıgını fikirləşməyib gözlərini telefondan ayırmayan gənclərimizin sayı daha artıqdır. Hər gün rastlaşdığım bu mənzərələr, artıq vərdiş halını almış bu hallar məni çox düşündürür və narahat edir. Saysız suallar beynimdə bir-birini əvəzləyir: bu alışqanlığa necə son qoyaq? Gənclərimi sağlamlıqlarına zərər verən bu vərdişlərdən necə çəkindirək? Onların ətrafdan təcridinə necə göz yumaq?

Düzdür, internet əsrində yaşayırıq. Texniki tərəqqi özünün ən yüksək pilləsindədir. Sosial şəbəkələrlə bir andaca dünyaya çıxmaq olur. Lakin bu, o demək deyil ki, biz elə həyatımızı internetə köçürək, ötən zamanımızı gələn zamanımıza qurban verək. İnternet, sosial şəbəkələr o zaman əlverişlidir ki, ondan qədərində istifadə olunsun. İfrat istifadə ancaq həyatımızda yeni-yeni problemlərin yaranmasına yol aça bilər. Elə açır da. Əvvəl sağlamlığımız əldən gedir, sonra yuxarıda sadaladığım hərəkətlərlə mentalitetimizə zərbə endirmiş olaruq, daha sonra isə valideyn-övlad, bacı-qardaş, ər-arvad, qayınana-gəlin münasibətləri məhv olur. Bütün bunlara görə gəlin sosial şəbəkələrdən istifadə üçün günün hansısa saatlarında vaxt ayırıb başımızı yuxarı qaldıraq. Ətrafımızdakılara diqqət göstərib, qayğı bəsləyək. Bu günün gənci sabahın ata-anasıdır, həyat yoldaşıdır, evlərdə gəlindir. Bu gün ətrafınıza sərgilədiyiniz laqeyqdliyi sabah ailələrimizə daşıya bilərsiniz. Qaldırın başınızı, əziz gənclər, cəmiyyətə baxın, tanış olun, yaxşıları əxz edin, pisləri tənqid edib cəmiyyətə yol açmasına, yox, deyin. Qaldırın başınızı, gələcəyimiz, mentalitetimiz naminə,

P.S. Mövzu ilə bağlı müşahidələrimdə gənclərlə yanaşı, müxtəlif yaş qruplarında olan qadın və kişilərin də başıaşağı halı nəzərimdən qaçmadı. Bu barədə gələcək yazılarımda bəhs edəcəyəm. Lakin hələlik onlara bir sualım var: bu hərəkətlərinizləmi gənclərə örnək olursunuz?

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə