Kimlərə jurnalist vəsiqəsi veriləcək? - DİQQƏT! - MEDİA RƏSMİLƏRİ AÇIQLADI

Kimlərə jurnalist vəsiqəsi veriləcək? - DİQQƏT! - MEDİA RƏSMİLƏRİ AÇIQLADI

Xəbər verildiyi kimi Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək. Layihəyə əsasən, bu, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilmir. Xarici jurnalistlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər. Onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.

SİA mövzu ilə bağlı Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın fikirlərini öyrənib: "Media Reyestrindən qeydiyyatdan keçən media nümayəndələrinə jurnalist vəsiqəsi veriləcək. Media subyektlərinə isə şəhadətnamə veriləcək. Amma kimlər ki, Media Reyestrində yoxdur, həmin şəxslərə çalışdıqları media subyektində vəsiqə verilibsə, həmin vəsiqə ilə öz fəaliyyətini davam etdirir. Vəsiqənin tam forması ilə bağlı detallar açıqlanacaq. Tam dəqiqləşdikdən sonra məlumat veriləcək".

Mövzu ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, Nazirlər Kabinetinin sərəncamı “Media haqqında” yeni qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli fərmanının icrasının təmin edilməsi məqsədilə verilib. Sərəncama əsasən, Medianın İnkişafı Agentliyi bir sıra digər qurumlarla birgə (Ədliyyə Nazirliyi, Audiovizual Şura, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) jurnalist vəsiqəsinin formasını hazırlamalıdır. Həmçinin, vəsiqənin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini müəyyənləşdirməli, həmin vəsaitdən istifadə qaydalarını dair təkliflər verməlidir. Paralel olaraq, Agentlik Media reyestrinin aparılması qaydaları barədə təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd etmək zəruridir ki, Azərbaycanda Media reystrinin aparılması, vahid uçot sisteminin yaradılması, həmçinin reystrdən keçmiş jurnalistlərə vəsiqələrin verilməsi praktikası ilk dəfə tətbiq edilir. Bu, “Media haqqında” qanunun ölkəmizə gətirdiyi yeniliklərdən biridir və mühüm əhəmiyyət daşıyır. Qanunun 70-ci maddəsində göstərilir ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsi verilir. 71-ci maddə isə “ Jurnalist vəsiqəsi” almış şəxslərin imtiyazlarını ehtiva edir. Göstərilir ki, vəsiqə almış şəxslər jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil ola bilərlər. O cümlədən, təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirak etmək, layihələrə qatılmaq, maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə edə bilirlər. İlkin şərtlərdən belə məlum olur ki, güzəştli ipoteka da məhz Media reystrinə düşmüş, journalist vəsiqəsi almış şəxslərə şamil olunacaq. Bütün bunlar mediada peşəkarlığın stimullaşdırılması, təşviq edilməsi üçün çox zəruri addımlardırlar".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə