Bəzi saytların fəaliyyəti məhdudlaşdırılır? - MEDİA RƏSMİSİ AÇIQLADI
Xəbər verildiyi kimi ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş gənc ailənin üzvü olan şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb. Jurnalistlərə güzəştli şərtlərlə kredit verilməsi prosesinin nə zaman başlayacağı barədə SİA Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın fikirlərini öyrənib.
Səidə Şəfiyeva bildirib ki, güzəştli ipoteka kreditindən yararlanmaq üçün şərtlərdən biri jurnalistin Media Reyestrinə daxil edilmiş olmasıdır. Nazirlər Kabineti artıq “Media haqqında” 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Reyestrin aparılması qaydalarının hazırlanması Medianın İnkişafı Agentliyinə həvalə edilmiş və bu proses üçün 2 ay müddət müəyyən edilmişdir. Ümumilikdə isə Media Reyestrinin formalaşdırılması üçün 6 aylıq müddət nəzərdə tutulmuşdur. Bu müddət başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Səidə Şəfiyeva həmçinin “Media haqqında” qanunun onlayn media subyektlərinin fəaliyyətini məhdudlaşdıracağı ilə bağlı iddiaların əsassız olduğunu bildirib.
O, qeyd edib ki, “Media haqqında” qanun onlayn media subyektlərinin fəaliyyətinə məhdudiyyət qoymur, sadəcə onların məlumat xarakterli reyestrinin aparılmasını nəzərdə tutur.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB