Bayramqabağı bazarlardakı vəziyyət

-FOTOREPORTAJ
Bayramqabağı bazarlardakı vəziyyət

Novruz bayramı - qədim türk xalqlarına məxsus bayramdır. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə ilə gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Sabah isə 2-ci çərşənbəni qeyd edəcəyik.
Məlum məsələdir ki, hər il bayramqabağı hər kəs bayram bazarlığı edir. Lakin adətən bazarlarda bu zaman qiymətlərdə artım müşahidə olunur.

Biz də SİA olaraq bu il bazarda vəziyyətin necə olduğunu araşdırmaq üçün Yaşıl Bazara yollandıq.

Satıcı Emil Hüseynov:
“Hazırda dana ətinin qiyməti 11 manat, quzu ətinin qiyməti isə 15 manat təşkil edir. Heç bir qiymət artımı yoxdur. Vətəndaşların alıcılıq səviyyəsi isə çox aşağıdır.

Alanda isə qiymətinin daha ucuz olmasına görə toyuq ətinə üstünlük verilir. Bayramla əlaqədar olaraq isə bahalaşma hələ olmayıb, amma gözləniləndir”.

Satıcı Ceyhun Orucov: “Bayramla əlaqədar olaraq nəinki artım, əksinə ucuzlaşma var. Məsələn bir müddət əvvəl 16 manata satdığımız fındıq indi 13 manatadır.

Bayram bazarlığına isə az da olsa başlayanlar var. Ən çox isə innab, iydə alınır. Ən bahalı çərəz isə Ordubad qozudur. Kilosu 35 manatdır”.

Satıcı Emin Qüdrətli:
“Tam şəkildə hələ hər kəs bayram bazarlığına başlamayıb. Alış səviyyəsi isə aşağı olduğuna görə təbii ki, qiymətlərdə də artım yoxdur.

Ən bahalı məhsullar isə xaricdən gələnlərdir. Hər məhsulun ucuzu da bahalısı da olur. Məsələn kişmişin 5 manata olanı da, 30 manata olanı da var. Yəni hər büdcəyə uyğun məhsul var”.

Satıcı Rəhim Qurbanlı:
“Ötən illərdə olan satışları nəzərə aldıqda bu il çox zəifdir. Məsələn sabah artıq çərşənbədir, amma bazar demək olar ki, boşdur, heç kim yoxdur.

Düzdür elə müştərilərimiz də var ki, gəlib hər şeyi birdəfəlik alırlar. Bundan əlavə düşünürəm ki, bu zəifliyin pandemiya ilə əlaqəsi böyükdür. Çünki son günlərdə uzun müddətdir görmədiyimiz müştərilərimiz mağazaya yaxınlaşdıqda ölümdən döndüklərini bildiriblər”.

Satıcı Sənan Sadıqov:
“Bizdəki bəzi məhsullar mövsimi olduğu üçün tələbat çoxdur. Xüsusilə də bayramqabağı daha çox alınır. Qiymətlərdə artım olması isə gözlənilmir.

Amma hər bir halda alış səviyyəsi çox aşağıdır. Ən bahalı məhsul isə çaşır turşusudur. Qiyməti 30 manatdır”.

Satıcı Nadir Qocayev:
“Alış səviyyəsi çox aşağıdır.

Ötən illərlə müqayisədə də demək olar ki, hələ bayram bazarlığına gələn yoxdur. Bayramla əlaqədar da heç bir artım yoxdur, amma gözlənilir”.

Satıcı Aidə Əziz qızı:
“Meyvə-tərəvəzin qiymətində heç bir dəyişiklik yoxdur.

Bir ay əvvəl necə idisə, indi də elədir. Ən bahalı isə pomidor, xiyardır. Təxmini 3-4 manat arasında dəyişir. Meyvələr isə ucuzdur. Artım isə gözlənilmir. Çünki alış səviyyəsi də çox aşağıdır”.

Satıcı İlham Novruzov:
“Hazırda əvvəlki illərlə nisbətdə balığın istehsalı olduqca artıb. Dəniz balıqlarının ovlanması qadağan olunduqdan sonra kənd təsərrüfatında balıqların istehsal olunmasının səviyyəsi xeyli yüksəlib. Xarici istehsal içərisində isə Türkiyə və Rusiyadan gələn balıqların satışı da daha çoxdur.

Bundan əlavə balıqların çeşidləri də artıb. Əvvəllər 3-4 növ balıq sata bilirdiksə, hazırda bu say 30-40 növ balıq arasında dəyişir. Balıq istehsalının çox olması bazarda rəqabəti artırdığı qədər qiymətləri də aşağı salıb. Bayramqabağı da balıq alanlar çoxluq təşkil edir. Xüsusilə də bayram günü ləvəngi bişirə biləcəkləri balqılara insanlar daha çox üstünlük verirlər”.

Bayramla bağlı bütün bazarı səmənilər bəzəyirdi. Biz də səmənilərin qiymətini öyrənməyə çalışdıq.

Bu zaman isə ən bahalı səməninin 50 manat, ən ucuzunun isə 1 manat olduğuna şahid olduq.

Eyni zamanda məsələ ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrənməyə çalışdıq.

Şəhər sakini Nailə Süleymanova:
“Bayram bazarlığı hələ tam eləməmişik. Ama çərşənbə üçün məhsullar alanda elə də bahalaşma yoxdur. Rast gəlməmişəm, hətta deyərdim normal qiymətlərdir”.

Şəhər sakini Arzu Osmanlı:
“Novruz bayramı qabağı həmişə ləpə bahalaşır. Bu il hələ baxa bilməmişəm qiymətlərə. Amma hər il olduğu kimi yəqin bayrama yaxın yenə bahalaşacaq. Ən yaxşısı tez bir zamanda almaqdır ki, bayram qabağı bahalaşmaya düşməyəsən”.

Şəhər sakini Orxan Musayev:
“Bayrama özəl yox, amma evə ümumi bazarlıq edəndə bahalaşma yoxdur. Amma bayrama yaxın artıq deyə bilmərəm necə olacaq. Amma yəqinki olacaq, ən çox da meyvələrdə və ləpədə olur bahalaşma”.

Şəhər sakini Xəyalə Muradova:
“Çərşənbə ilə əlaqədar bazarlıq edəndə hər şeyin normal qiymətə olduğunun şahidi oldum. Amma yəqin ki, bir həftə sonra, artıq bayrama az qalmış bahalaşmanın şahidi olacağıq”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə