Xocalı soyqırımı dövlətimizin başına gələn faciələrdən ən dəhşətlisidir. 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayın dəstəyi ilə Erməni Silahlı Qüvvələri Xocalı şəhərinə hücum edərək günahsız azərbaycanlılara qarşı soyqırımı törədiblər. Qocaya, uşağa, qadına baxmadan insanları vəhşicəsinə qətlə yetiriblər. Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 63 uşaq, 106 qadın, 70 qarı və qoca olmaqla 613 Xocalı sakini qətliamım qurbanı olublar. Bu faciə bizim qan yaddaşımızdır. Bu soyqırımı heç vaxt unutmamalıyıq. Bəs görəsən Azərbaycan gəncləri Xocalı soyqırımı ilə bağlı nə düşünürlər? SİA gənclər arasında sorğu keçirib:
Şəhər sakini Mədinə Şalıyeva: “Xocalı soyqırımı bizim qanayan yaramızdır. Bu faciəni heç vaxt unutmamalıyıq. Gələcək nəsillər də bu faciəni unutmamalıdır. Neçə-necə günahsız insanımız qətlə yetirilmişdir. Allah hamısına rəhmət eləsin”.
Şəhər sakini Emin Yusifov: “Bizə məktəblərdə, bağçalarda uşaqlıqdan bəri Xocalı soyqırımı ilə bağlı məlumatlar verilirdi. Ümumiyyətlə, Xocalı faciəsi uşaqlıqdan təbliğ edilməlidir. Bu bizim tariximizdir. Bu faciəni unutmamalıyıq vəunutdurmamalıyıq”.

Şəhər sakini Fidan Rəhimli: “Düzdür, mən o günləri görməmişəm. amma yaşlı nəsilin danışdıqlarından hər şeyi bilirəm. Ermənilər qədər vəhşi, amansız bir xalq yoxdur. Günahsız xalqımızın başına minbir oyun açmışlar. Hamilə qadınlara, uşaqlara belə rəhm etməyiblər. Amma bizim şanlı ordumuz 44 günlük müharibə zamanı şəhidlərimizin və günahsız insanlarımızın qisasını aldılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Şəhər sakini Ayşə Əliyeva: “Əlbəttə Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli hadisələrindəndir. Ermənilər bizim xalqımıza zülm ediblər. Nəinki Xocalı soyqırımını, 20 yanvar hadisələrini də biz unutmamalıyıq. Gələcək nəsillərə bunu aşılamalıyıq. Biz 44 günlük müharibə zamanı bütün dünyaya necə qüdrətli bir dövlət olduğunu göstərdik”.

Şəhər sakini Cahangir Əsədov: “Düşünürəm ki, bir insan bir insana qarşı necə bu cür vəhşiliklər edə bilər. O körpələrin, qocaların günahı nə idi axı? Düşmənin imanı olmur. Biz hər il 26 fevral Xocalı soyqırımının qurbanlarını yad edirik. Bu bizim onlara olan borcumuzdur. Onları unutmamalıyıq”.
Şəhər sakini Aynur Bayramova: “Xocalı soyqırımını unutmamalıyıq. Xalqımızın, millətimizin başına gətirilən amansız oyunları unutmamalıyıq. Bu faciəni bütün dünyaya çatdırmalıyıq. Xocalıda qətlə yetirilmiş məsum körpələrin, qocaların, hamilə qadınların qanı yerdə qalmadı. bizim əsgərlərimiz onların qisasını aldı".
Şəhər sakini Xəyalə Hacıyeva: "Ermənilərin xalqımıza yaşatdığı faciə ağlasığmazdır. İnsan olan şəxs körpələrə qarşı, qocalara qarşı bu cür vəhşiliklər edə bilməz. Onlar insan deyillər. Biz bu hadisələri unutmamalıyıq. Bütün dünyaya yaymalıyıq. Onların vəhşiliklərini dünyaya çatdırmalıyıq. Biz hər il Xocalı soyqırımının qurbanlarını hörmətlə yad edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB