Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılırdı. Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun bir vaxt almışdı.2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalamışlar.
Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.
Bu bəyannamədə Azərbaycanın öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürütməsi, xarici siyasətində multikulturalizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verməsi qeyd olunmuşdur. Bu öz təsdiqini Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlarında tapır.
Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir.
2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təqdim olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə etmişdir.
Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb.
Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri də yüksək səviyyədədir. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir.
Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı Azərbaycandır. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsidir.
NATO ilə münasibətlər uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham ƏIiyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Y.Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlib inkişaf etməsinə imkan verib. Bəyannamədə Azərbaycanın Rusiya ilə əlaqələri xüsusi qeyd edilib. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələr arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiyada milyonlarla azərbaycanlının yaşayıb işləməsi bunu sübut edir.
Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir.
Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir.
Moskva Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Bəyannamənin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəliklər götürür.Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar.
Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Mühüm məqamlardan biri də Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbə olmasıdır. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək. Bəzi maraqlı şəxslərin, siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır. Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında yanlış rəy formalaşdırmaq cəhdinin nəticəsidir.
Xəzər rayonu 183 nömrəli tam orta məktəbin müəllimi
Məmmədova Ürfanə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB