Azərbaycanın İrandakı Səfirliyinin kollektivi şəhid ailəsini ziyarət edib - FOTOLAR

Azərbaycanın İrandakı Səfirliyinin kollektivi şəhid ailəsini ziyarət edib - FOTOLAR

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin kollektivi Vətən müharibəsinin iştirakçısı, şəhid Şahhüseyinli Zeynal Fizuli oğlunun Tehran şəhərində müalicə olunan azyaşlı övladını xəstəxanada ziyarət ediblər. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən SİA-ya verilən məlumata görə, onkoloji xəstəlikdən əziyyət çəkən 1,5 yaşlı Zəhraya baş çəkən səfirliyimizin kollektivi onun səhhəti, müalicəsinin gedişi, eləcə də ehtiyacı ilə maraqlanıblar və səfirliyimizin şəhid övladının hər zaman yanında olduğunu bildiriblər. Kiçik Zəhraya həmçinin, səfirlik əməkdaşının övladının çəkdiyi və tarixi Zəfərimizi simvolizə edən “Şuşa” adlı rəsm şəkli və kollektivin digər hədiyyələri də xatirə olaraq təqdim olunub.

Ailə üzvləri və həyat yoldaşı ilə söhbət zamanı qəhrəmanımızın şərəfli döyüş yolundan danışılıb, onun əziz xatirəsi anılıb.

Şəhid övladının tezliklə sağalmasını diləyən səfirliyimizin kollektivi, onun və ailə üzvlərinin hər zaman Səfirliyimizə müraciət edə biləcəyini və şəhidimizin ailəsinə dəstəyin davam edəcəyini bildiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək, 44 günlük Vətən müharibəsi döyüşlərində ağır yaralanaraq 16 iyun 2021-ci ildə müalicə olunduğu xəstəxanada vəfat edən şəhid Şahhüseyinli Zeynal Füzuli oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə