Poçt qutusundan sayğac qutularına - FELYETON

Poçt qutusundan sayğac qutularına - FELYETON

Çox düşündüm, çox daşındım, “bu insanların dərd-sərini ta kimə deyək ki, bəlkə nəticəsi olar”,- deyə çox fikirləşdim. Allah sənə rəhmət eləsin, Noruzəli, yadıma sən düşdün. Nə az, nə çox, bir əsrdən xeyli də əvvəl ağanın məktubunu poçt qutusuna salıb son aqibətini gözləyəndə başına öz əlinlə açdığın oyunları xatırladım. Sən sadə bir kəndli idin, avam idin, o zamanlar məktəb, filan çox az idi. Haradan bilərdin ki, məktubu poçta salıb, ta gözləmirlər, çıxıb gedirlər. Getdin məktubları götürən poçt əməkdaşını döydün, aparıb səni neçə ay dustaq saxladılar. Halından əhval tutanda səni qınayanlar az olmadı. Ta demədilər ki, bu yazıq kişi kəndli adam olub. İndi qulaq as, gör səni qınayanlar bir əsr sonra hansı dərdə mübtəla olublar. Nə ucqar rayonlardan, nə də ucqar kəndlərdən danışıram, paytaxtda- Bakı şəhərinin Xətai rayonunda, Xətai metrosunun lap yaxınlığında, Bakı Əyləncə Mərkəzi ilə üzbəüz “SAHİL-D” kompaniyasına məxsus 24 mərtəbəli 4 binanın 15 sakinindən söhbət açıram. Onların mənzillərinə çox yalvar-yapışdan sonra qaz sayğacı qoyublar. Sən bir gün oturdun poçt qutusunun yanında, amma bu sakinlər aylardır, sayğac qutularının yanında oturub gözləyirlər ki, sayğaclardan nə vaxt təbii qaz axıb evlərini qızdıracaq ki, onlar mənzillərinə köçə bilsinlər. Sual verərsən ki, niyə bəs o qədər böyük binada məhz 15 mənzil? Mən cavab verim, sən dinlə. Haradasa 2-3 il olar ki, bu binalar qazlaşdırılıb. Necə qazlaşdırılıb? İnsanlar 8-9 ay süründürüləndən sonra. Sözügedən bu 15 nəfər mənzil sahibi də həmin vaxt paytaxtdan kənarda yaşayanlar olublar. Ötən ilin oktyabrında da bu sakinlərin xeyli get-gəlindən, yalvar-yapışından sonra evlərinə sayğac qoyublar və o gedən gediblər. Həmin 15 sakinin ta açmadığı qapı, üz tutmadığı ünvan qalmayıb. “Azəriqaz” İstehsalat Birliyi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsı və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi arasında qalan insanlar oktyabrı, noyabrı, dekabrı yola salıb ümidləniblər ki, bəlkə aid qurumlar insafa gəlib yeni ili bu sakinlərə yeni mənzillərində qarşılamağı nəsib edərlər. Bu da arzu olaraq qalıb, yanvar da ötüb. Budur, fevral da başa çatır, hələ də sakinlər sükuta qərq olmuş sayğaclara baxır, baxır, nə vaxtsa qulaqlarına bir səs gəlməsini Allahdan arzu edirlər. Çünki getmədikləri ünvan daha qalmayıb.

Sən Noruzəli, XX əsrdə işini bircə gündə həll etdin, lakin bu 15 nəfər aylardır hələ bir iş görə bilməyiblər. Gör bir oktyabrdan nə qədər vaxt keçib, neçə iş günü keçib. Hansı ki, bir qurumda vətəndaşın şikayətinə, tələbinə qanunvericiliyə əsasən müəyyən olunmuş vaxt ərzində baxılmalıdır. Ay qardaş, XXI əsrdə bəzi qurumlar var ki, gözləyir həmin o günlər tamam olur, sonrakı günlərdən başlayırlar masa üzərində rəngi saralan sənədlə tanış olmağa. O da ki, şikayət şikayət ardınca olanda.

Allah sənə rəhmət eləsin, Noruzəli, bu 15 nəfərin səninlə oxşar bir cəhədi var: sən poçt qutusuna, onlar da qaz sayğaclarına baxa-baxa qalıblar. Bax elə buna görə də üzümü sənə tutub soruşuram, ay ağsaqqal, bu insanlara məsləhətin nədir, onlar ta kimə müraciət etsinlər, ta hara üz tutsunlar? Bəlkə sən bir yol göstərəsən. Düzdür, sən cahil idin, bilmədən poçt əməkdaşına qarşı kobudluq etdin. Axı bu insanların əksəriyyəti ziyalıdır, qanunları da, qanunvericiliyi də yaxşı bilirlər. Onlar əsla kobudluq da etməzlər, əksinə hüquqlarını pozmaqla onlara qarşı kobudluq edilir. Lakin XXI əsrin nett, qaz ölkəsinin sakinlərinin bu qaz problemi sənin əsrinin problemləri ilə eyniyyət təşkil edir. Doğrusu heç xəyalımızdan keçməzdi ki, poçt qutusu ilə sayğac qutularını əsrdən artıq belə bir yol birləşdirəcək, o gözləmələr davam edəcək. Sən gəzləməkdə mahirsən, Noruzəli, bir məsləhət ver, bu insanlar Novruza qədər də gözləsinlər, yoxsa...

Mətanət Məmmədova

Əməkdar jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə