Yardımlıda “Xocalı bəşəriyyətə qarşı tarixi cinayət” adlı tədbir keçirilib

Yardımlıda “Xocalı bəşəriyyətə qarşı tarixi cinayət” adlı tədbir keçirilib

Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə N.B.Cəfərov adına Yardımlı rayon Avaş kənd tam orta məktəbində Xocalı soyqrımının otuzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, “Xocalı bəşəriyyətə qarşı tarixi cinayət” şüarı ilə keçirilən anım tədbirində Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, idarənin baş məsləhətçisi Şəhriyar Şəbiyev, məktəbin direktoru Rafiq Əliyev və müəllim-şagird heyəti iştirak ediblər.

İlk öncə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər erməni millətçiləri tərəfindən illərlə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti haqqında danışıb və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olması bir daha vurğulanıb. Həmçinin çıxış edənlər Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğal altında olan əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad etməsindən və işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərindən ətraflı danışıb, gənclərə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası haqqında ətraflı məlumat verərək, onları sosial şəbəkələrdə bu kampaniyada fəal şəkildə iştirak etməyə səslədyiblər.

Sonda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış “Xocalı bir millətin kədəri” sənədli filmi nümayiş etdirilib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə