Azərkosmosun gənc mütəxəssisi BAF-nın qaliblərindən olub

Azərkosmosun gənc mütəxəssisi BAF-nın qaliblərindən olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmosun Proqram təminatı həlləri qrupunun rəhbəri Tahir Qədimov Beynəlxalq Astronavtika Federasiyasının “Launchpad” mentorluq proqramının dünya üzrə səkkiz qalibindən biri seçilib. SİA xəbər verir ki, “Launchpad” mentorluq proqramı kosmik sahənin peşəkar mentorlarının dəstəyi ilə dünyanın aparıcı kosmik agentlik, şirkət, cəmiyyət və assosiasiyalarında çalışan gənc mütəxəssislərə karyeralarını inkişaf etdirmək, liderlik bacarıqlarını formalaşdırmaq fürsəti verir.

Azərbaycanla yanaşı ABŞ, Avstraliya, Almaniya, Banqladeş, Filippin və İranın nümayəndələri də qaliblər sırasındadır.

Altı ay davam edəcək proqram kosmik sahə üzrə tədqiqat və inkişaf mərkəzlərində elm və innovasiya istiqamətlərində layihələr həyata keçirən, kosmik aparatların hazırlanması, eləcə də Ay və Marsda insanın məskunlaşmasına dair layihələrdə çalışan bu gəncləri bir araya gətirərək, onlara təcrübə mübadiləsi aparmaq imkanı verir.

Azərbaycanın Beynəlxalq Astronavtika Federasiyasının “Launchpad” mentorluq proqramında təmsil olunması ölkədə gənclərin kosmik sahəyə marağının artması, texnoloji inkişafın əsas təhsil çağırışlarından olan STEM (Science, Technology, Engineering and Mathematics) yanaşmasında fəallıq nümayiş etdirmələri üçün stimul olacaq.

“Launchpad” mentorluq proqramı və qalibləri haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: https://www.iafastro.org/news/the-iaf-is-pleased-to-present-the-mentees-of-the-2021/2022-iaf-launchpad-mentorship-programme.html

Qeyd edək ki, artıq 71 ildir fəaliyyət göstərən Beynəlxalq Astronavtika Federasiyasının 72 ölkədən 433 üzvü var. Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos 2018-ci ildən federasiyanın fəal üzvüdür və 2023-cü ildə Bakı şəhəri kosmik sahənin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə Azərkosmos 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə