Ömrə naxış salınan izlərin əlvanlığında insan kimliyini təsdiqləyir və bu aləmdə varlıq olaraq mövcudluğunu dərk edir. Həyat yoluna salınan körpülər üzərindəki hərəkətin, izin ruhi və maddi dünyanda sənin varlığını tamamlayır. Ömrünü böyük işlərə həsr edib, daim tələsib istək və arzunu həyata keçirmək məqsədində olan insanlar Tanrının bəxş etdiyi ömür yolunda ülviləşir, paklanır, mənən təmizlənir, bir ömrə neçə-neçə ömürləri daxil edərək cəmiyyət üçün gərəkli bir simaya çevrilir. Daxilindəki bacarıq və qabiliyyəti üzə çıxarıb, ağlın diqtəsi və məntiqlə hərəkət edərək cəmiyyətdə imicini formalaşdıra bilirsən.
80 il, 80 bahar, 80 xəzan, 80 qış yaşamış Elmira Rəsulova kimi. Bir ömrün zaman məsafəsindən boylanan illərdir bu onilliklər. Bu illərdə Elmira xanımın tərcümeyi-halında dəyərli məqamlar var. Müharibə illərində hamının əsgər anası çağırdığı Elmira Rəsulova 1942-ci ildə Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra peşə məktəbində təhsil alıb. Ailə qurandan bir müddət sonra Gənc Tamaşaçılar Teatrında işə düzəlib. Teatr mühiti, tanınmış qələm sahibləri və səhnə ustaları ilə ünsiyyət Elmira xanımın həyatında, dünyagörüşündə silinməz izlər buraxıb. Elmira Rəsulovanın atası Səttar kişi İkinci Dünya müharibəsi illərində hərbi müstəntiq işləyib. Anası Zəhra xanım alman faşistlərinə qarşı müharibənin qaynar vaxtlarında hərbi hospitalda şəfqət bacısı kimi çalışıb. Qanlı Yanvar hadisələri zamanı Elmira xanım vətənpərvərlik nümayiş etdirərək, öz köməyini əsirgəmədi. Yaralanıb hospitalda və xəstəxanalarda yatanların köməyinə tələsib. Gecə-gündüz onların başının üstündən əskik olmayıb. Erməni işğalçılarına qarşı şiddətli döyüşlər gedən zaman könüllü olaraq cəbhəyə yollananların sayı artırdı.
Mərkəzi hərbi hospitala da hər gün ağır yaralılar gətirirdilər. O vaxt Elmira xanım cərrahiyyə şöbəsində kiçik tibb bacısı idi. Bir gün Ağdam rayonundan olan yaralının həyatını xilas etmək mümkün olmadı. İgid döyüşçünü dəfn etmək üçün doğulduğu kəndə aparanları müşayiət etmək Elmira xanıma tapşırıldı. Elə o vaxtdan Elmira Rəsulovanın "əsgər anası həyatı" başlandı. Elmira ana Ağdamın Qaradağlı kəndindəki səyyar hospitalın cərrahiyyə şöbəsində kiçik tibb bacısı kimi fəaliyyətini davam etdirdi. Mahrızlıda, Zəngişalıda yaralıların dadına çatdı. Zəngişalıda düşmənlə üzbəüzdəki postumuza qədər gedib çıxdı. Güllə, mərmi yağışları altında yaralılarımıza ilk tibbi yardım göstərirdi. Qırx günlük ağır döyüşlərdən sonra Qaradağlıdakı səyyar hospital Sarıcalıya köçdü. Burada da Elmira ana yaralı döyüşçülərimizin tez sağalması üçün gecə-gündüz onların qulluğunda durdu. Hər dəfə sağalıb cəbhəyə dönən döyüşçüləri xeyir-duası ilə yola salanda elə bil dünyanı Elmira xanıma bağışlayırdılar. Vətən qarşısındakı xidmətlərinə görə Elmira Rəsulova 1994-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə, 1995-ci ildə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. Böyük qürur və iftixar hissi ilə bildirdi ki, hər iki mükafatı ona şəxsən Ulu Öndər Heydər Əliyev təqdim edib.
Elmira Rəsulovanın oğlu Dadaş Hümbətov hərbi təyyarəçidir. Nəvəsi Şahin də atasının yolunu seçib, Aviasiya Akademiyasında təhsil alıb. Elmira xanım hər zaman Silahlı Qüvvələrimizin bugünkü qüdrətindən qürur duyurdu. O, müharibəyə nifrət edir, istəmirdi ki, bir də insan qanı axıdılsın, yurdlar xarabalığa dönsün. Ömrün mənasını vətənə xidmətdə görən Elmira xanıma 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin sevincini yaşamaq nəsib oldu. Qəhrəman ana Elmira xanım uzun sürən xəstəlikdən sonra 20 fevral 2022-ci ildə 80 yaşında dünyasını dəyişdi.
"Səs" media qrupu adından "Hərbi xidmətlərə görə" medalı və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmiş Elmira Rəsulovanın vəfatı ilə bağlı ailəsinə başsağlığı verir və Allahdan rəhmət diləyirik.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB